Vəkil: “Zaur Baxşəliyev reytinqə görə istintaq sirlərini yayır”

Vəkil: “Zaur Baxşəliyev reytinqə görə istintaq sirlərini yayır”

18-11-2024 00:04 / Bu xəbər 196 dəfə oxundu

Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində bir qətl hadisəsinə görə məhkəmə başlayıb. 

Bu iş hakim Telman Hüseynovun icraatındadır. 

Müttəhimlər kürsüsündə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən 18 yaşlı Məzahir Bayramov əyləşib. 

İttiham aktında qeyd olunub ki, o, bu il martın 6-da gecə saatlarında qonşusu 24 yaşlı İlham Haqverdiyevi öldürüb. 

Məhkəmədə diqqəti çəkən məqam təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənovun vəsatəti olub. O, məhkəməyə həm yazılı, həm də şifahi bildirib ki, bu ölüm işi üzrə tərəflər ATV kanalında yayımlanan "Bizimləsən” verilişinə çıxırlar. 

Vəkilin sözlərinə görə, verilişin aparıcısı isə insan taleləri üzərindən reytinq toplamaq məqsədilə hətta istintaqın şahid kimi tanıdığı şəxslərə təsir göstərir, mərhumun hüquqi varisi olan anası Xaliqə Əliyeva ilə sanki istintaq aparır: "Zaur Baxşəliyev orda məhkəmə qurub, istintaq aparır, məhkəmə isə bununla bağlı heç bir tədbir görmür. Artıq bu xanımı 3-4 dəfə verilişə çıxarıb. Xahiş edirik, bir tədbir görəsiniz, TV-yə xəbərdarlıq edəsiniz”.  

Mərhumun anası Xaliqə Əliyeva vəsatətə etiraz edib. Məhkəmənin nəzərinə çatdırıb ki, oğlunun qətlində tək Məzahir Bayramov iştirak etməyib və  istintaq bunu ört-basdır edib. 

Ana bildirib ki, Qaradağ rayon prokurorluğunun müstəntiqi işi obyektiv, düzgün aparsaydı, onun hansısa verilişə çıxmasına ehtiyac qalmazdı: "Nə qədər ki, oğlumun ölüm işi düzgün aparılmayacaq, mən bir ana kimi verilişlərə də çıxacam, sözümü də deyəcəm. Heç kəs mənə bunu qadağan edə bilməz”. 

Dövlət ittihamçısı Valeh Ələkbərovsa vəsatətin hüquqi cəhətdən düzgün qoyulmadığını qeyd etsə də, o da məhkəmənin araşdırdığı bir cinayət işinə görə hansısa verilişdə "məhkəmə” qurulmasını doğru hesab etməyib. 

Hakim vəsatəti təmin edib. Mərhumun varisi Xaliqə Əliyevaya bir daha bu ölüm işi haqqında televiziyalarda danışmaması ilə bağlı xəbərdarlıq edib. 

Hakim daha sonra mərhumun anasına ifadə verməyi təklif edib. 

X. Əliyeva ifadəsində deyib ki, oğlunu Məzahir Bayramov öldürsə də, digər üç nəfərdən ikisi oğlunun qollarını və boynunu tutub, başqa biri isə telefonla çəkib. 

Onun tələbi oğlunun qollarını tutmaqla köməksiz vəziyyətə salmış digər gənclərin də məsuliyyətə cəlb olunmasıdır: "O boyda qətl hadisəsi bar verdi, mən dəfələrlə Qaradağ rayon Prokurorluğunun müstəntiqindən tələb etdim ki, ərazidəki kameraların yaddaşına baxış keçirilsin, etmədi. Niyə? Axı o boyda adam öldürülmüşdü, kameralara niyə baxılmadı”? 

Təqsirləndirilən şəxs isə məhkəməyə bildirib ki, hadisədən əvvəl İlham Haqverdiyev onu beşbarmaqla vurub, üzünə siqaret üfürüb. 

Növbəti məhkəmə iclası dekabrın 6-na təyin olunub.