Vəkili döyən polislər işdən çıxarıldı: müavin sistemdən kənarlaşdırıldı

Vəkili döyən polislər işdən çıxarıldı: müavin sistemdən kənarlaşdırıldı

09-06-2019 17:02 / Bu xəbər 772 dəfə oxundu

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlinin döyülməsinə görə iki polis əməkdaşı işdən çıxarılıb.  

Bu barədə vəkil Anar Qasımlı bildirib. 

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. 

Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.