Vəkillər: "Tofiq Yaqublunun şikayəti Avropa Məhkəməsinə göndəriləcək"

Vəkillər:

21-05-2020 02:14 / Bu xəbər 1190 dəfə oxundu

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya göndərilən pul və geyim əşyalarının ona çatdırılmadığı bildirilir.

Bu barədə bir neçə gün öncə qızı Nigar Həzi məlumat yayıb. 

Həmin məlumatda qeyd olunur ki, geyim əşyalarının qəbul edilməməsi ilə yanaşı, telefon danışıqlarına da maneələr yaradılır. Belə ki, bütün məhbuslardan sonra ona telefonla danışmaq icazəsi verilir. 
 
Bəs hazırda durum necədir? 

Nigar Həzi: "Sabahdan geyim və sovqata məhdudiyyətin götürüldüyü deyilir" 

Nigar Həzi Toplum TV-yə deyib ki, sabahdan, mayın 21-dən həbsxanada məhdudiyyətlərin aradab qalxacağı bildirilir: "Tofiq Yaqublu ilə bu gün danışmışam, əhvalı yaxşı idi. Sabah sovqat və geyim aparacağam. Çünki artıq icazə verirlər. Əvvəl problemli idi, rahat deyildi. Ancaq sabahdan etibarən geyim və sovqat aparmaq mümkün olacaq”.

Nigar Həzi Tofiq Yaqublunun həbsi ilə bağlı hüquqi addımların da davam etdirildiyini deyib.

O bildirib ki, şikayət Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək: "Növbəti mərhələ Ali Məhkəməyə şikayət etmək olacaq, ondan sonra isə Avropa Məhkəməsinə şikayət göndərəcəyik”.

Nemət Kərimli: "Sonrakı addımımız Avropa Məhkəməsinə müraciət etmək olacaq”

Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə Toplum Tv-yə Tofiq Yaqublu ilə görüşdə qanundankənar yoxlamaların olduğunu bildirib: "Görüşə bilirik, lakin mənim, eləcə də digər vəkillərin görüşündə lazımsız, qanunazidd yoxlamalar olur”.
 
Vəkil Elçin Sadıqov da Tofiq Yaqublu ilə görüşdüyünü və onun həbsi ilə bağlı hüquqi addımların ardıcıl aparıldığını deyir: "Artıq onun şikayətini Avropa Məhkəməsinə göndərəcəyik”.


Xatırlatma 

Tofiq Yaqublu martın 22-də həbs olunub. 

Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 

İddiaya görə, T. Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. 

O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdədə 30 günlük inzibati həbs cəzası almışdı. 

Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. 

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Vəkil Elçin Sadıqov  T.Yaqublunu ev dustaqlığına buraxılması ilə bağlı apelyasiya şikayəti verib. Aprelin 21-də isə Nizami Rayon Məhkəməsi T.Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina edib. Belə ki, Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov T.Yaqublunun ev dustaqlığına buraxılmasına əsas olmadığını bildirərək, apelyasiya şikayətini təmin etməyib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Tofiq Yaqublunun həbsininin siyasi sifariş olduğunu bəyən edib. 

Türkay Zadə