Vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilərmi? - İki müqavilə

Vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilərmi? - İki müqavilə

10-03-2021 12:48 / Bu xəbər 3567 dəfə oxundu

Salyan rayon Gənclər və İdman İdarəsi bu gün 2 satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, ümumi məbləği 42 min 725 manat məbləğində olan müqavilələr "H-Aral” MMC ilə imzalanıb.

Satınalma müqavilələrin şərtlərinə görə, MMC 20 min 600 manata medal və kubokların, 22 min 125 manata isə hədiyyələrin alınmasını həyata keçirəcək.

Kotirovka sorğularının qalibi olan "H-Aral” MMC 08.08.2018 tarixində yaradılıb. 

Şirkətin nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Salyan şəhəri, Y.Zargərli, ev 30, qanuni təmsilçisi isə Hüseynqulu Mənsimov Xanəli oğludur. 

Şirkət daha əvvəl də, konkret 2018-ci ildə Salyan rayon İcra Hakimiyyətinin keçirdiyi 2 tenderin qalibi olub.

Şirkətin hazırda 1651 manat 78 qəpik vergi borcu var. 

Mövcud qanunvericilik vergi borcu olan şirkətlərin satınalmalarda iştirak etməsini məhdudlaşdırır.