VHP hökumətdən tələb etdi: "Soydaşlarımızı ölkəyə buraxın"

VHP hökumətdən tələb etdi:

16-06-2020 16:38 / Bu xəbər 1809 dəfə oxundu

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı zorkılığı pisləyən bəyanat yayıb.

Partiya hökumətdən vətəndaşların ölkəyə buraxılmasını tələb edib: Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən yüzlərlə Azərbaycan vətəndaşları toplaşıb. Son günlər burda böyük problemlər yaşanır, Azərbaycan vətəndaşlarına qarşı törədilənlər böyük təəssüf yaradır. Yüzlərlə insanımız vətənə qayıdış yolunda, rəsmi qadağalar bu yolu bağlayıb. Dünyanı bürüyən pandemiyadan irəli gələn məhdudiyyətlər başa düşüləndir. Onu da qəbul edirik ki, yaranmış problemləri bir anda həll etmək mümkün deyil. Amma bütün bunlara rəğmən vətənə üz tutan soydaşlarımızın bu şəkildə təhqir olunması və alçaldılması yolverilməzdir". 

"Vətəndaş Həmrəyliyi Partiyası Rusiya sərhədçilərinin hərəkətlərini qətiyyətlə pisləyir, eyni zamanda Azərbaycan hökumətindən soydaşlarımızın ölkəmizə keçməsi üçün təcili tədbirlər görülməsini tələb edir", - deyə bəyanatda bildirilir.