Viktor Orban Macarıstanda fövqəladə vəziyyət tətbiq edir

Viktor Orban Macarıstanda fövqəladə vəziyyət tətbiq edir

25-05-2022 16:30 / Bu xəbər 1115 dəfə oxundu

Macarıstanın Baş naziri Viktor Orban dünən bildirib ki, Ukraynada davam edən müharibənin yaratdığı vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edir.

AFR agentliyi isə xatırladır ki, ölkədə COVID-19 pandemiyası tətbiq edilmiş fövqəladə vəziyyətin vaxtı hələ gələn çərşənbə axşamı bitəcək.

"Dünya iqtisadi böhran astanasındadır. Macarıstan savaşdan müdafiə olunmalı və öz vətəndaşlarının maliyyə təhlükəsizliyini təmin etməlidir”, - Orban "feysbuk"da yazıb.

Seçkilərdən sonra yenicə işinə başlayan Macarıstan parlamentinin bu yaxınlarda Konstitusiyaya etdiyi dəyişiklik hökumətə belə bir addım atmaq səlahiyyəti verir.

Fövqəladə vəziyyətin şərtlərinin nədən ibarət olacağının bu gün açıqlanması gözlənilir.

Macarıstanın Vətəndaş azadlıqları ittifaqı Baş nazirin qərarını qınayıb və "fövqəladə vəziyyətin daimi olacağını” vurğulayıb. 

Təşkilatın açıqlamasında bildirilir ki, bu tədbir Orbana "hər kəsin fundamental hüquqlarını məhdudlaşdırmaq, hətta dayandırmaq” imkanı yaradır.

Dünən həm də məlum olub ki, Viktor Orban AB şurasının sədri Şarl Mişelə yazdığı məktubda Rusiya neftinə embarqo zərurətinə inandırılmadığını və bu məsələnin təşkilatın növbəti sammitində müzakirəyə çıxarılmasını mənasız hesab etdiyini bildirib.

Orbanın rəhbərlik etdiyi mühafizəkar "Fideş” partiyası Macarıstan parlamentində üçdə iki çoxluğa malikdir. 

Baş nazir Qərb tərəfindən dəfələrlə səlahiyyətlərdən sui-istifadədə, demokratiya və əsas azadlıqlardan uzaqlaşmaqda, korrupsiya, avtoritarizm və iqtisadi populizmdə günahlandırılıb. 

Orban Ukraynada müharibə başlayandan sonra Putinlə əməkdaşlığı dayandırmamaqda ittiham olunur.