Vilyam Hacıyev 15 min manatlıq telefonu necə alıb? - FOTO
15-06-2016 11:09 / Bu xəbər 1192 dəfə oxundu
1000 manat maaş alan icra başçısı 50 min avroluq saat taxır
Azərbaycanın əksər məmurlarının dəbdəbəli həyata, bahalı geyim və aksesuarlara aludəçiliyi heç kimə sirr deyil. Belələrindən biri də İmişlinin icra başçısı Vilyam Hacıyevdir.
Vilyam Hacıyev də bahalı həyat tərzinə üstünlük verən məmurlardandır. Bunu icra başçısının iş otağında çəkilmiş bir foto da sübut edir.
Qaynarinfo.az gundelik-baku.com-a istinadən xəbər verir ki, Vilyam Hacıyevin stolunun üstündəki "Vertu Ascent Tİ" markalı telefonun dəyəri 10-15 min manat arasında dəyişir. Müştərinin istəyindən asılı olaraq telefonun korpusuna brilyant qaşlar da düzülə bilər ki, bu da qiymətin 100 min manata kimi qalxmasına təsir göstərir.
Maraqlıdır ki, Vilyam Hacıyev belə dəyərli telefonu hansı pulun hesabına alıb? İcra başçısını dindirsək, məmur maaşına qulluq edən zəhmətkeş olduğunu deyəcək. Amma təxminən 1000 manat maaş alan icra başçısı ən azı 15000 manat dəyəri olan telefonu almaq üçün yeyib-içmədən 15 aylıq qazancını bir yerə toplamalıdır. Özünün dediyinə görə başqa qazanc mənbəyi olmayan Vilyam Hacıyev bu telefonu almaq üçün 15 ay aclıq elan etməsinə də heç kimi inandıra bilməz. Burdan belə çıxır ki, İmişlinin icra başçısı "Vertu Ascent Tİ" markalı telefonunu heç də halal zəhməti hesabına almayıb.
Telefon bir yana, Vilyam Hacıyevin həm də saat həvəskarı olduğu bildirilir. Özünün dediyinə görə, ən ucuz saatının qiyməti 50 min avrodur.
Hələ bu da hamısı deyil. Yayılan məlumatlara görə, Vilyam Hacıyev geyimə qarşı da həssasdır. Belə ki, icra hakiminin ayda ən azı 3 dəfə "Port Baku Mall", eləcə də şəhərin digər brend geyim dükanlarından alış-veriş etdiyi iddia olunur.
Arqument.Az