VİP siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir

VİP siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir

14-01-2023 14:29 / Bu xəbər 835 dəfə oxundu

Vətəndaş və İnkişaf Partiyası (VİP) son illər üzləşdiyi təzyiqlərlə bağlı bəyanat yayıb.

Bu barədə Arqument.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. 

Bəyanatda partiyanın üzləşdiyi təzyiqlərə toxunulur: "2021-ci ilin ikinci yarısından başlayaraq, prinsipial siyasi mübarizə aparan, mühafizəkar və ənənəçi prinsiplərə söykənən sağ-mərkəzçi VİP və onun sədri hücumlara məruz qalmağa başladı. Bu müddət ərzində Əli Əliyevin rəsmi "Facebook” səhifəsi 2 dəfə oğurlandı, pandemiya bəhanəsi ilə əmək fəaliyyətinə əngəllər yaradılmağa başlandı. 2021-ci ilin avqust-sentyabr aylarında Parlamentin hakimiyyətə yaxın seqmentindən təşkil olunmuş kampaniya çərçivəsində mətbuat üzərindən ona qarşı geniş hücumlara və böhtana start verildi. 22 sentyabr 2021-ci il tarixdə VİP sədri Baş Prokurorluğa çağırılmış və ona hüquqi deyil, siyasi tələblərlə xəbərdarlıq edilib. Bir müddət sonra Əli Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılmış, yalnız günün sonunda, heç bir əsas olmadan 10 saata yaxın müddət saxlandıqdan sonra azad edilib. Əli Əliyev 2021-ci ilin oktyabr-noyabr aylarında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən pandemiya bəhanəsi ilə 2 dəfə cərimə olunub". 

Sənəddə həmçinin VİP sədri Əli Əliyevin qanunsuz həbs edildiyi bildirilir: "16 dekabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) 2 zabiti eyni məzmunlu 2 ərizə ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək Əli Əliyevin həbs olunmasını tələb ediblər. 13 yanvar 2022-ci il tarixdə məhkəmə qərarı ilə VİP sədri Əli Əliyev danışdığı sözə, ifadə etdiyi fikrə görə, "Osmanqızı” "YouTube” kanalındakı çıxışı əsas götürülərək 5 ay müddətinə azadlıqdan məhrum olunub. Bu, son 20 il müddətində Partiya sədri və Prezidentliyə namizədin ilk həbsi idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (AR CM) 147-ci (böhtan) maddəsi ilə Azərbaycan Respublikasının son 10 illik praktikasında ilk hüquqi akt olan VİP sədrinin ictimai statusu, alimliyi, müəllim, ailə başçısı, himayəsində azyaşlı övladının olması, səhhətindəki problemlər nəzərə alınmadan maksimum 6 ay göstərilən cəza müddətinin tam 5 ayı hökmdə öz əksini tapdı. Bu prosesin ilk olması, Əli Əliyevin bu vaxta qədər məsuliyyətə cəlb edilməməsi də hakim üçün əhəmiyyət kəsb etmədi". 

VİP hesab edir ki, Əli Əliyevin həbsi siyasi sifariş əsasənda baş tutub: "Məhkəmənin gedişində Yasamal Rayon Məhkəməsinin icraatında ikinci eyni belə işin olması, onların qanunvericiliyə uyğun şəkildə bir icraatda birləşdirilməsi tələbləri də cavabsız qaldı. 2022-ci ilin aprel ayında Əli Əliyev ikinci şikayət üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində eyni məzmunlu ərizə əsasında DSX zabitinin tələbi ilə yenidən eyni çıxışa görə təkrarən 5 ay müddətinə həbs cəzasına məruz qaldı. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və AR CM-nin 8-ci maddəsi eyni əmələ görə 2-ci dəfə məhkumluğu qadağan edir. Azərbaycan hökumətinin imzaladığı və bununla üzərinə məsuliyyət çəkdiyi Avropa Konvensiyası da bir əmələ görə 2 məhkumluğu açıq şəkildə rədd edir. Diffamasiya prinsiplərinə hörmətsizliklə yanaşı, Avropa Şurasının (AŞ) üzvü, Avropa İttifaqı (Aİ) ilə bir sıra Proqramlarda əməkdaşlıq edən Azərbaycan hökumətinin belə davranışı avtoritarizmin bariz nümunəsidir. Birinci 2 iş cəmlənərək 6 ay həbs cəzası almış Əli Əliyevin azadlığa çıxmasına az qalmış Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sabiq sədrinin şikayəti əsasında hakimiyyət 3-cü dəfə öz siyasi opponentinin həbs müddətini süni şəkildə artırmaq yolu seçdi". 

"23.07.2022-ci il tarixdə Yasamal rayon məhkəməsində Əli Əliyevə AR CM-nin 148-ci (təhqir) maddəsi ilə maksimum sanksiya - 6 ay cəza kəsildi. Bununla ürəyi soyumayan hakimiyyət 23 avqust 2022-ci il tarixdə Əli Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasında öyrədilmiş bir məhkum və Təcridxana əməkdaşlarının iştirakı ilə sifariş əsasında ssenariləşdirilmiş gedişatla artıq 4-cü cinayət işinin başlanmasına rəvac verdi. Guya VİP sədri yaşadığı kamerada heç kəsin gözləmədiyi şəraitdə 149 nəfərdən dələduzluq yolu ilə 200 min manata yaxın pul mənimsəmiş və həmin hərəkəti özündə ehtiva edən maddə ilə məhkum olunan bir nəfəri banka ilə başından vurub xuliqanlıq törədib. Bu dəfə artıq AR CM-nin 227.2.3 maddəsi ilə 5 ilə qədər həbsi nəzərdə tutulurdu", - deyə o bildirib. 

"27 oktyabr 2022-ci il tarixdən Sabunçu rayon Məhkəməsində Əli Əliyevə qarşı sayca 4-cü məhkəmə prossesi başlandı. 22 noyabr 2022-ci il tarixdə bu məhkəmə məzhəkəsinin növbəti tamaşasında VİP sədrini gələcək Prezident və Parlament seçkilərindən kənarlaşdırmaq məqsədini daşıyan siyasi sifarişli 3 il 6 ay müddətinə həbs qərarı çıxarıldı. Beləliklə, Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmətin əməkdaşlarının da bu saxta məhkəmə prosesinə cəlb olunması və Əli Əliyevin şərlənməsi prosesində iştrakı ilə 2025-ci il Prezident seçkilərində hakimiyyət əsas rəqibindən özlərinin məntiqi ilə "xilas olur”. Belə addımlar yalnız avtoritar hakimiyyətlər üçün xarakterikdir. Nəzərə alaq ki, Putin rəqibdən xilas olmaq üçün opponentləri Aleksey Navalnı ilə İlya Yaşini müvafiq olaraq 19 və 8,5 il müddətinə həbsə atıb, İvanişvili komandası Gürcüstana demokratiya gətirmiş Saakaşvilini zindanda çürüdür, Qazaxıstanın yeni prezidenti Tokayev də hakimiyyət məsələsini xalqın etirazını rus qoşunlarının hesabına boğmaqla "çözdü”. Mövcud Türkiyə iqtidarı 2023-cü ilin birinci yarısında keçirilməsi gözlənilən seçkilərin nəticəsini əvvəldən dəqiq hesabladığından, siyasi opponenti, İstanbulun CHP-dən olan meri Əkrəm İmamoğluna qarşı məhkəmə davası açıb. Ölkədə siyasi reallıq və mənzərə bundan ibarətdir", - deyə VİP bəyan edib.

Partiya bildirib ki, Azərbaycanda da YAP hakimiyyəti ictimai prosesləri xeyrinə dəyişmək üçün əsas alternativini həbslə, qanunsuz və ədalətsiz məhkəmələrlə sıradan çıxarmaq cəhdi edir: "Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada cərəyan edən son dərəcə ciddi proseslər ölkədə daxili siyasi sabitliyin və milli həmrəyliyin qorunmasını qaçılmaz zərurətə çevirib. Bu şərtlər təmin edilmədən ölkənin mövcud mürəkkəb şəraitdə dayanıqlığının qorunması və artan təhdidlərə davam gətirməsi xeyli çətinləşir. Qeyd olunanları önə çəkən Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan hakimiyyətindən ölkədə prinsipial siyasi müxalifətə və alternativ fikir daşıyıcılarına qarşı repressiyaya son qoymağı, vətəndaşların Konstitusion hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, Əli Əliyevin, digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını növbəti dəfə tələb edir".