Virusun ən pis variantı gəldi – Pandemiya bitməyib (“Vaşinqton Post”)
11-07-2022 12:36 / Bu xəbər 1173 dəfə oxundu
ABŞ-ın "Vaşinqton Post” qəzetində redaksiya heyəti adından "Virusun ən pis variantı gəldi.
Pandemiya bitməyib” başlıqlı məqalə dərc olunub.
Azpost.info məqaləni oxucularına təqdim edir:
Pandemiya ana təbiətlə amansız bir çəkişmədir. İnfeksiya dalğası milyonlarla insanın həyatına son qoyub. Bundan da çox adam ölə bilərdi, qarşısını yalnız son dərəcə effektli peyvəndlər hesabına almaq mümkün olub.
Budur, koronavirus yenə canlanır, mutasiyaya uğrayır, orqanizmin müqavimət gücündən – immun sistemindən yan ötür, bir sözlə, yürüşünü davam etdirir. Virusun BA.5 variantının meydana çıxmasının isə yozumu belədir: bu yürüşün sonu görünmür.
Nədir BA.5 variantı? Bu, 2021-ci ilin sonunda nəhəng bir infeksiya dalğasına səbəb olub dünyanı bürümüş omikron variantının ən yeni alt növüdür.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qismən modelləşdirmə prinsipinə söykənən hesablamasına görə, hazırda Birləşmiş Ştatlarda infeksiyaya yoluxmaların 70 faizə qədəri BA.5 variantının və ona qohum BA.4 variantının payına düşür.
Bu iki yeni variant onlardan daha əvvəl meydana çıxmış BA.2-nin yükünü yüngülləşdirməklə məşğuldur.
Koronavirus növlərinin qəliz adları var, qulağa yad səslənir. Amma bu mücərrəd adlar bizim diqqətimizi BA.5 kimi güclü variantın real təhlükəsindən yayındırmamalıdır.
Kaliforniya ştatının San-Diyeqo şəhərində yerləşən Skripps Elmi-Tədqiqat İnstitutunun molekulyar tibb üzrə professoru Erik Topol deyir ki, BA.5 koronavirusun indiyədək gördüyümüz ən pis növüdür.
Professor bildirir ki, BA.5 variantı immun sistemindən yayınmanın geniş xarakter almasına gətirib çıxarır, bu işdə omikronun əvvəlki növlərini qat-qat üstələyir və epidemioloji vəziyyəti yeni səviyyəyə qaldırır.
Koronavirusa yoluxanlar arasında xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayında xüsusi artımın müşahidə edilməməsini isə Erik Topol omikronun qışdakı dalğasında bolhabol immunitet toplamağımızla əlaqələndirir.
Ancaq ABŞ-ın pandemiya zillətinin hələ də qara zirvəsində ilişib qalması göstərir ki, yeni variantın başqa aspektləri də var və həmin aspektlər diqqətlə izlənməli, araşdırılmalıdır. Üstəlik, yaddan çıxarmayaq ki, Avropada yeni variantlar yoluxmaları artırmaqdadır.
BA.5 variantının əsas fərqi onun bioloji quruluşundadır. Təkamül prosesi ona mühitə uyğunlaşma qabiliyyəti, yəni ötürülmə, inkişaf etmə, immun sistemindən yayınma bacarığı qazandırıb.
Doktor Topol deyir ki, bu variant əvvəlkilərin hamısından nəzərəçarpacaq dərəcədə seçilir. Seçilə bilmək üçün lazım olan əsas xüsusiyyətlərdən biri infeksiyanın oqranizmin immun sistemindən yayınmasıdır. Professor Topolun sözlərinə görə, bu günədək aparılan tədqiqatların heç birində immunitetdən yayınmağı BA.4 və BA.5 qədər bacaran varianta rast gəlinməyib.
BA.5 variantının daha ağır xəstəliyə səbəb olub-olmayacağı hələ bəlli deyil. Lakin virus yayılırsa, deməli, onun fəsadlarını yüngülləşdirmək üçün bəlli tədbirlərin gücləndirilməsinə – yüksək keyfiyyətli üz maskalarına, qapalı məkanları daha yaxşı havalandırmağa, izdihamlı yerlərdən uzaq durmağa ehtiyac var.
Ən vacib məsələ infeksiyanın yeni variantlarına qarşı buster dozalara ehtiyacın olub-olmamasıdır. Virusun əhali arasında yoxa çıxmış əvvəlki variantlarına qarşı tətbiq olunan gücləndirici dozalardan istifadə etməyin mənası varmı?
ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) peyvənd istehsalçılarına köhnə və yeni variantları hədəf götürən ikivalentli və ya iki komponentli peyvənd hazırlamağı tövsiyə edib.
Şübhəsiz, bu, məntiqli tövsiyədir, çünki vəziyyətə tez uyuşmaq, zirək tərpənmək, kanadalı xokkeyçi Ueyn Qretskinin dediyi kimi, şaybanın olduğu yerə yox, diyirləndiyi yerə sürüşmək gərəkdir.
Ancaq vaxt azdır. Həm də kim bilir ilin qalan aylarında daha hansı variantlar peyda olacaq. Ona görə geniş perspektivdə götürəndə variantların dalınca düşməyin bir adı da yoxdur.
Yaxşısı daha uzunömürlü, daha davamiyyətli, daha əhatəli immunitet formalaşdıracaq, infeksiyanın yayılmasının qarşısını ala biləcək yeni nəsil peyvəndlərin istehsal olunmasıdır. Bu istiqamətdə ciddi araşdırmalar gedir, amma yolun sonu hələ görünmür.
Mənbə: "Washingtonpost.com"
Tərcümə: Novator.