"Vitebsk Xalq Respublikası" kimlərin oyunudur?

11-08-2020 09:04 / Bu xəbər 1656 dəfə oxundu

Nizami Bağırov
 
Sosial şəbəkələrdə "Vitebsk Xalq Respublikası"nın elan edilməsi ilə bağlı xəbərlər paylaşılır. İlk olaraq qeyd edim ki, bu "Respublika", səhifə kimi sosial şəbəkələrdə bu günlərdə deyil 3 il bundan əvvəl - 2017-ci ildə yaradılıb. 2019-cu ildə isə ümumiyyətlə aktivliyi olmayıb. 

"ВКонтакте" şəbəkəsində səhifənin 189, "teleqram"da isə 160 nəfər üzvü var. Yaradılandan bəri həmin səhifənin kimlər tərəfindən idarə edilməsi (Lukaşenko, Rusiya, Ukrayna) mübahisə mövzusudur. 

Belarusda olan son günləri təhlil etsək, bu xəbərin də yeni xəbər kimi tirajlanması bir "zəncirin halqası" kimi görsənir. Bundan başqa, seçkiqabağı Vaqner üzvlərinin "həbsi”, Ruisyanın müxalifyönlü media nümayəndlərinə ("Meduza”, "Настоящее время”, "Дождь”) akkreditasiya verilməməsi, onların həbsi və deportasiyası, həmçinin 35 yaşadək hərbi xidmət keçmiş kişilərin mobilizasiyası qərarını da bura əlavə etsək Lukaşenko – Putin tandemi tərəfindən qurulmuş ssenari kimi görsənir. Sadəcə, Lukaşenko öz əməllərini "xarici düşmənlərin ifşası" adı ilə "qanuniləşdirmək" istəyir və məhz belə qərarların bir neçə səbəbi var. 

Bir tərəfdən, Minskə və digər böyük şəhərlərə ordunun yeridilməsini legitimləşdirmək, xarici qüvvülərlər mübarizə adı ilə qanuni don geyindirmək. Bu gün artıq Lukaşenko iğtişaşlarda xarici qüvvələrə qarşı ittihamlar səsləndirdi, iğtişaşlarda Polşa, Çexiya, Böyük Britaniya və başqa ölkələrdən gələnlərin aktivliyini vurğuladı. 

Digər tərəfdən isə şəhərlərə ordu, xüsusi hərbi texnika yeritməklə insanlarda xof yaratmaq və etirazları güc yolu yatırtmaq məqsədi olub. Batka, seçkidən əvvəl də öz mesajını verib – "qanın bahasına belə hakimiyyətini qorumağa çalışacaq”.

Bundan başqa, əhalinin ən qatı etirazçı kəsimini mobilizasiya adı ilə neytrallaşdırmaq da çox "güclü" gediş oldu. İmzatoplama kampaniyası, həmçinin təşviqat zamanı keçirilən mitinqlər də göstərdi ki, Lukaşenkoya qarşı olanlar gənclər xüsusi seçilirlər. 

Əslində Tixanovskaya səs verənlər texniki namizədi dəstəkləmirlər (Tixanovskayanın öz dili ilə desək), onlar sadəcə bir prinsiplə hərəkət edirlər: "Kim olur-olsun Lukaşenko olmasın". 

Lukaşenkonun əsas rəqibi heykəl olsa da, belə həmin heykələ səs verəcəkdilər. Onları da 10 avqustda hərbi hissələrə "doldurmaqla" seçkidən sonrakı etiazların qarşısı almaq məqsədi güdülür. 

Ümumiyyətlə isə "Vaqner” özəl hərbi şirkətin üzvlərinin həbsi bizdə olan "dövlət çevrilişinə cəhd” əməliyyatlarını xatırladır. Əldə olunan məlumatları bir araya gətirsək onları toplum halında Belarusa bilərkdən göndərilməsi və orada da bir hərbi qüvvə kimi qurbana çevrilməsi təəsüratı yaradır. 

Bütün bunlara baxmayaraq, Lukaşenko öz əməllərini nə qədər "qanuniləşdirmək" istəsə də, son sözü belarus xalqı deməlidir. Bu xalq seçkilərdə öz sözünü deyib, qaldı o səsləri qorumaq.

Yazıdakı fikirlər müəlifin şəxsi mülahizələrdir.