Vüqar Səfərli ev dustaqlığına buraxılmaq istəyir

Vüqar Səfərli ev dustaqlığına buraxılmaq istəyir

25-01-2021 18:24 / Bu xəbər 729 dəfə oxundu

KİVDF-nin keçmiş sədri həbs qərarından şikayət verib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli həbs qərarından apelyasiya şikayəti verib. 

Bu barədə Meydan TV-yə Bakı Apelyasiya Məhkəməsindən verilən məlumatda bildirilir ki, V.Səfərlinin şikayətinə yanvarın 26-da hakim Ramin Qurbanov baxıb qərar verəcək.

V.Səfərli haqqında həbs qətimkan tədbiri seçilməsi qərarı yanvarın 14-də Binəqədi Rayon Məhkəməsində çıxarılıb. Onun vəkili həmin qərardan apelyasiya şikayəti verib: "Apelyasiya şikayətində həbs qətimkan tədbirinin dəyişdirilməsi, istintaq dövrü üçün Vüqar Səfərli barəsində başqa növ qətimkan tədbirinin (ev dustaqlığı, polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam və s.) seçilməsi istənilir. Şikayətdə vurğulanıb ki, Vüqar Səfərlinin istintaqdan yayınmaq niyyəti yoxdur, istintaqın gedişinə təsir göstərməyəcək”.

V.Səfərli Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF-yə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı aylardır istintaqı gedən cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Dövlət büdcəsinin vəsaiti hesabına jurnalistlər üçün yaşayış binasını inşa etmiş "Portos” MMC-nin rəhbəri Namiq Nəmmədov da onunla birlikdə həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. V.Səfərliyə bunlarla yanaşı, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələrilə də ittiham olunur.

Hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında yazılıb ki, V.Səfərli N.Məmmədov və digərlərilə əlbir olub, 2013-2019-cu illər ərzində mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi məqsədilə KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib. O, həmçinin Fond üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş "Futbol+qol” qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə ittiham olunur.

V.Səfərli və N.Məmmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

62 yaşlı V.Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib.

O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub.