Vüqar Səfərli həbs edildi

Vüqar Səfərli həbs edildi

14-01-2021 16:07 / Bu xəbər 716 dəfə oxundu

Keçmiş KİVDF sədrini 14 ilə qədər həbs cəzası gözləyir

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli və jurnalistlər üçün binanı inşa etmiş "Portos” MMC-nin rəhbəri Namiq Nəmmədov həbs olunub. Yanvarın 14-də Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyilə onların hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

V.Səfərli və N.Məmmədov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF-yə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı aylardır istintaqı gedən cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. V.Səfərliyə bunlarla yanaşı, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələrilə də ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, Fondun icraçı direktoru Vüqar Səfərli Nadir Məmmədov və digərlərilə əlbir olub, 2013-2019-cu illər ərzində mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi məqsədilə KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib.

Bundan başqa, Vüqar Səfərli Fondun fəaliyyətinin təşkili üçün inzibati binanın icarəyə götürülməsi məsələsində də Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilən prosedurlara əməl etməyib. İddia olunur ki, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsində yerin icarəyə götürülməsi barədə Fond üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlayıb. 2011-2019-cu illər ərzində 812 min manat icarə haqqı adı altında vəsait köçürülüb.

"Vüqar Səfərli 2015-2019-cu illər ərzində 300 min manat vəsaiti ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manatlıq dəftərxana ləvazimatlarını mənimsəyib. 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə, KİVDF-yə məxsus 105 min manatı da israf edib.

Vüqar Səfərli bankda milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində 5 milyon 796 min manat yerləşdirməklə, cinayət yoluyla əldə edilmiş pulları leqallaşdırıb”, - prokurorluğun məlumatında belə deyilir.

V.Səfərli və N.Məmmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

V.Səfərli və N.Məmmədovun, onların vəkillərinin ittihamlara münasibəti məlum deyil.

62 yaşlı V.Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib.

O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub.(meydan.tv)