Vüqar Səfərlinin işində Ramiz Mehdiyevlə Əli Həsənovun adı hallanır

Vüqar Səfərlinin işində Ramiz Mehdiyevlə Əli Həsənovun adı hallanır

03-09-2021 12:52 / Bu xəbər 2350 dəfə oxundu

Çoxsaylı ifadələrdə dövlət məmurları ittiham edilir

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunanlar haqqında cinayət işinin materiallarında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Prezidentin sabiq köməkçisi Əli Həsənov, onun oğlu Şamxal Həsənovla bağlı çoxlu sayda ifadə var. Həmin ifadələrdə xüsusən Həsənovlar ailəsilə bağlı ittiham xarakterli fikirlər yer alıb. Fondun fəaliyyəti zamanı 18 milyon manatlıq mənimsəməyə gətirib çıxaran qanunsuz əməllərin bir çoxunun Əl Həsənovun göstərişilə baş verdiyi iddia olunur.

Təqsirləndirilən şəxslər arasında Səbail rayonu, "20-ci sahə”də jurnalistlər üçün binalar tikmiş "Portos” MMC-nin rəhbərliyində çalışmış adamlar da var. Çünki Səfərliyə verilən ittihamlardan biri də həmin binaların tikintisi milyonlarla vəsaitin yeyintisilə bağlıdır. İttihama əsasən, tikintini aparacaq şirkətin seçilməsi üçün tender keçirilməli olduğu halda, buna əməl edilməyib. Tikinti qaydaları pozulub, qiymətlər şişirdilib və s.

Cinayət işindəki ifadələrdə iddia olunur ki, nəinki bina tikintisi, ümumiyyətlə, digər xidmət və avadanlıq alınması üçün də Fondda tender keçirilmirdi. Bu qurumdakı Tender Komissiyası da formal fəaliyyət göstərirdi. Əli Həsənov hansı işin hansı şirkətə həvalə olunacağına qərar verir, Tender Komissiyası da hazır sənədə imza atırdı.

Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli, Samir Mustafayev və Mirsəid Ağayev təmsil olunub.

Vüqar Mustafayev istintaqa ifadəsində bildirib ki, o və digər komissiya üzvləri heç bir qərar verməyiblər, sadəcə, deyilən sənədlərə imza atıblar. Onun sözlərinə görə, maliyyə məsələrinə də, şirkətlərin seçiminə də Əli Həsənov nəzarət edirdi: "Əli Həsənovun göstərişilə binaların tikintisi onun özünə yaxın şirkət olan "Portos” MMC-yə tapşırılmışdı”.

Samir Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi hər il üç dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada qalib jurnalistlər mükafatlandırılırdı. Onun sözlərinə görə, bu zaman həm iştirakçıların sayı, həm də xidmətin qiyməti rəsmi sənədlərdə artıq göstərilirdi. Məsələn, qonaqların sayı 250 nəfər olduğu halda, sənədləşmədə 400-450 nəfər yazılır və buna uyğun vəsait ayrılırdı.

"Son iki ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar alınmamışdı”, - Samir Mustafayev bildirib.

Vüqar Səfərliyə qarşı ittihamlardan biri də Fond üçün əlverişsiz şərtlərlə - daha baha qiymətə ofis icarəyə götürməklə, külli miqdarda vəsaitin israf olunmasıdır. İddia olunur ki, Əli Həsənovun oğluna əlavə gəlir vermək məqsədilə Mətbuat prospekti 23L ünvanında yerləşən 6 mərtəbəli binada ofis götürüb. Bu binanın mülkiyyətçisi Şamxal Həsənovdur.

Cinayət işinin materiallarında yazılıb ki, o ərazidə ofis kirayələmək üçün 1 kvadratmetrə görə 12 manat nəzərdə tutulub. Amma Fond icarə müqaviləsini hər kvadrat metrə görə 18 manatdan bağlayıb. "Azərmətbuatyayım” və "Kaspi Az”a görə də icarə müqaviləsi bağlanıb və bu üç ofisə görə hər ay 21 min 834 manat icarə haqqı ödənilib. Bundan başqa, Prezident yanında Bilik Fondu 2019-cu ildə ləğv edilsə də, Fond üçün həmin binadan götürülən 419 kvadrtametrlik ofisə görə bundan sonra da 8 ay icarə haqqı ödənilib.

Vüqar Səfərli istintaqda dindirmə zamanı bu məsələyə münasibət bildirərkən deyib ki, həmin binada rəhbərlik etdiyi Fond üçün ofisi oranın Əli Həsənovun oğluna məxsusluğuna, şəraiti və yerinin əlverişli olmasına görə seçmişdilər. Onun sözlərinə görə, Fondun büdcəsi hər il formalaşdırılanda icarə üçün nəzərdə tutulan məbləğ də orada əksini tapırdı və Maliyyə Nazirliyi də bundan xəbərdar idi. Heç vaxt nazirlik buna etiraz etməmişdi.

Vüqar Səfərli Şamxal Həsənovun mülkiyyətində olan binada ofis icarəyə götürülməsinin tarixçəsini də danışıb. O bildirib ki, 2009-cu ildə Fond yarananda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi onlara "8-ci kilometr”də yerləşən zirzəmini təklif edib, lakin onlar imtina ediblər. Müvəqqəti olaraq, bir müddət "İçərişəhər” metrostansiyasının yaxınlığında (Lermontov küçəsi), kiçik mənzildə fəaliyyət göstəriblər.

2011-ci ildə bir daha Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib, eyni zamanda, Fonda kuratorluq edən Əli Həsənovun kabinetində bu məsələni onunla müzakirə ediblər. Əli Həsənov həmin binanı təklif edib: "Həmin bina əvvəllər "Azərmətbuatyayım” ASC-nin balansında olub. "Azərmətbuatyayım” ASC-nin təsisçisi isə "Kaspi Az” MMC-dir. Onun da təsisçisi, yəni sahibi sahibi Əli Həsənovun arvadı Sona Vəliyevadır”.

Binanın üçüncü mərtəbəsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün 371 kvadrat metrlik ofis icarəyə götürülüb.

Bilik Fondu ləğv olunandan sonra onun yerləşdiyi 421 kvadratmetrlik ofisin icarəsinə gəlincə, Vüqar Səfərli bildirib ki, 2019-cu ildə obyekt boşalanda oranın da icarəyə götürülməsi Əli Həsənovun tapşırığı olub: "İcarəyə götürülən yerdə internet blogerləri oturub, fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloger orada oradakı otaqlarda oturub, qeyri-rəsmi formada fəaliyyət göstərirdi”.

Bu səbəbdən 2019-cu ildə icarə müqaviləsinə dəyişiklik edilib. Həmin vaxt artıq binanın rəsmi mülkiyyətçisi Şamxal Həsənov idi, müqavilə də onunla bağlanıb.

Vüqar Səfərli deyib ki, əlavə ofisin icarəyə götürülməsi məsələsindən Ramiz Mehdiyev də xəbərdar idi: "Əli Həsənov bildirmişdi ki, Ramiz Mehdiyev də məlumatlıdır. Mənə tapşırmışdı ki, Ramiz Mehdiyevin adına bu barədə məktub yazım”.

Vüqar Səfərli və onunla birlikdə mühakimə olunanların işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə araşdırılır. Məhkəmə qarşısında Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında "Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, "Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, "Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.

Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

Vüqar Səfərli məhkəmədə ittihamlara münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilən şəxslər də ittihamı qəbul etməyiblər.

Sənəd
Mənbə: Meydan Tv