Vurğun Əyyubun həyat yoldaşı: “Deyirdi ki, gələcəkdə...”

Vurğun Əyyubun həyat yoldaşı: “Deyirdi ki, gələcəkdə...”

04-09-2021 15:31 / Bu xəbər 1585 dəfə oxundu

"Hər il ali məktəblərə test imtahanları keçiriləndə, ixtisas seçimi başa çatanda tələbə adını alan hər bir evdə Vurğun Əyyubun adı anılacaq. Bu sevincdə Vurğun Əyyubun kifayət qədər payı var".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, test üsulunu Azərbaycana gətirən, mərhum Vurğun Əyyubun həyat yoldaşı Sima Əyyubova deyib. 

O bildirib ki, ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra evlərinə saysız-hesabsız zənglər olunur: "Hamı onun ruhuna rəhmət oxuyur. Adam var ki, öləndən bir-iki il sonra yaddaşlardan silinir, yalnız yaxınları tərəfindən xatırlanır. Ancaq mən o qədər qürur duyuram ki, Vurğun Əyyub heç zaman unudulmayacaq. Ətrafımda olanlardan, qonşulardan, tələbələrdən bunu eşidirəm, hər kəs ona test üsuluna görə minnətdarlıq edir".

Sima Əyyubovanın sözlərinə görə, mərhum sağlığında test üsulunun daha da təkmilləşdirilməsi üçün müzakirələr aparıb: "Bu barədə çox söhbətimiz olub. Deyirdi ki, yaxşı usta birinci dəfə ev tikəndə baxır ki, onun qüsurları var, ikinci dəfə səhvlərini gördüyü üçün daha mükəmməl evlər tikir. Testin birinci ili uğurla başa çatsa da, ikinci ildə Vurğun müəllimin özünün planları vardı. Qəbul imtahanlarının iki mərhələli aparılması Vurğun müəllimin öz ideyası idi. Deyirdi ki, gələcəkdə imtahanları iki mərhələdə aparılsın. Yenilikləri vardı, amma ölüm imkan vermədi. Biz ali məktəblərə qəbul olunan və tələbə adını alan bütün gəncləri təbrik edirik".