“Wolt Azerbaijan” kimə mane olur?

“Wolt Azerbaijan” kimə mane olur?

30-04-2021 16:31 / Bu xəbər 4652 dəfə oxundu

Son bir ildə - pandemiyaya görə kafe-restoranların işləmədiyi dövrdə Azərbaycanda evə yemək sifarişlərinin sayı artıb. 

Ölkədə artıq 10 ilə yaxındır ki, mövcud olan çatdırılma xidməti ilk dəfə 2012-ci ildə start götürüb - "Nuush.az" marketpleysi bazara  alternativ sifariş üsulu təqdim edib. 

5–6 il sonra buna bənzər başqa xidmətlər, 2019-cu ildə isə xarici brend olan "Wolt" Azərbaycan bazarına daxil olub və sürətli ekspansiyaya başlayıb. 

Son araşdırmalara görə, Bakıda 150-dən çox kafe, restoran, 10-dan çox onlayn platforma aktiv çatdırılma xidməti göstərir. Aprelin 22-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıqlayıb ki, koronavirus (COVID-19) pandemiyası şəraitində çatdırılma (kuryer) xidmətlərinə tələb çoxaldığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb. 

Qurum araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən etdiyini və bununla əlaqədar "Wolt Azerbaijan” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırdığını bəyan edib.

Sosial Media
"Wolt" haqqında

Şirkət 2015-ci ilin yayında Finlandiyanın Helsinki şəhərində on restoranla birlikdə fəaliyyətə başlayıb. Hazırda 23 ölkə və 129-dan çox şəhərdə fəaliyyətdədir. 60 milyon kuryer partnyoru, 30 000 restoran və pərakəndə tərəfdaşı ilə birlikdə 10 milyondan çox müştəriyə xidmət göstərir. 

Bakıda ilkin mərhələdə 28 restoranla əməkdaşlıq edən şirkət 6 ayadək partnyorlarının sayını 170-ə çatdırıb. 

"Wolt"la partnyor olmaq niyə vacibdir?” sualına isə şirkət rəsmi saytında belə cavab verir: "Wolt" sifarişlərinin 91%-i restoranlara əlavə gəlir gətirir”. 

Eyni zamanda, bu da qeyd olunur: "Şirkət komissiya üzərində işlədiyinə görə, biz yalnız siz çox satış əldə etdiyiniz təqdirdə qazanırıq. 

- Biz ağır işi öz üzərimizə götürürük - kuryer partnyorumuz sifarişdən sonra 30-40 dəqiqə ərzində müştərilərinizin yemək çatdırılmasını təmin edir. "Wolt" bütün ödənişləri və bütün müştəri dəstəyini öz üzərinə alır. Eyni zamanda, siz "Wolt" restoranlar ucun statistika sisteminə daxil olaraq biznes artımınızı müşahidə edə bilərsiniz". 

Şirkət Bakı bazarına girərkən bəzi təşviqat kanallarından istifadə edib. Məsələn, kuryerlərin toplu şəkildə əhalinin sıx hərəkət etdiyi məkanlarda görünməsi onların sürətlə tanınmasına səbəb olub, iyul ayının ortalarında 8–9 xəbər saytı "Wolt"un Azərbaycan bazarına girməsi haqqında anons verib, avqustun ortalarından etibarənsə "Google search Ads" təşviqat kampaniyasına başlayıb. 

"Wolt"-da minimal sifarişin həcmi 8 AZN, standart çatdırılma qiyməti isə 1.5 AZN-dir. 

Ölkədə "Fooderos”, "Foodorder.az", "Nuush.az", "Acqalma.az", "Hungry.az", "Bolt Food", "DADIM" və s. kimi yemək çatdırılma xidmətləri də var. 

Əgər Azərbaycanda yemək çatdırılma xidməti yalnız bir şirkət tərəfindən təqdim edilmirsə, niyə "Wolt Azerbaijan” inhisarçılıqda şübhəli bilinir?

"Wolt"-un marketinq meneceri Tofiq Süleymanov araşdırmanın nəticəsi bəlli olmadan mətbuata açıqlama vermək istəmədiklərini deyir. 

Adının açıqlanmasını istəməyən mənbə isə sorğumuza cavab olaraq bildirir ki, "Wolt"un bazardakı rəqibləri şirkətlə mübarizə apara bilmədikləri üçün onlardan şikayət ediblər. 

Rəqib şirkətlərsə iddia edir ki, restoranların çoxu "Wolt" ilə çalışır, bu da onların bazarda böyümələrinə mane olur. Məsələn, "Acqalma.az" şirkətinin operatoru Emin Məmmədovun sözlərinə görə, "Wolt" doğrudan da bazarda monopoliya yaradıb və müştəri məsələsində tez-tez problemlər yaşayırlar: "Həmin şirkətin kuryerləri çox olduğundan bazarda üstünlüyə sahibdirlər. Məsələn, onlarda 100 kuryer varsa, bizdə bundan 10 dəfə azdır".

O, "Wolt"-un restoranlardan daha yüksək faiz tutduğunu da qeyd edir: "10 manatlıq sifarişin 35 faizini  "Wolt" özünə götürür, çatdırılma qiyməti isə standart 1 manat 50 qəpikdir. Biz isə restoranlardan 25 faiz götürürük. "Wolt"-da kuryer çox olduğundan restoranlara daha çox müştəri qazandırır, bizim şirkət isə bunu edə bilmir".

"Hungry.az" şirkətinin rəhbərliyi "Wolt"la bağlı araşdırma sona çatmamış məlumat vermək istəmədiklərini vurğulayır. 

Qubad İbadoğlu - Sosial Media

Qubad İbadoğlu: "Azərbaycan təcrübəsində uğurlu biznesləri ələ keçirmə cəhdləri çox olub"

İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, qanunla bazar payı 35 faizdən yuxarı olan şirkət inhisarçı hesab olunur: "Bu, antiinhisar haqqında qanunla tənzimlənir. "Wolt"-un bazar payını müəyyən etmək üçün müqavfiq orqan monitorinq aparmalıydı. Müəyyən etməli idi ki, şirkət bazarda inhisarçı, hökmran mövqeyə malikdir və ona qarşı bu tədbirləri həyata keçirmək qanunun tələblərindən irəli gəlir". 

Amma Qubad İbadoğlunun dediyinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə qaydaları daha çox siyasi elitada, hakim mövqedə olan şəxslərdən asılı olmayan biznesə tətbiq edir: ""Wolt" iş yerləri baxımından əhəmiyyətli biznesdir, çünki çalışanları çoxdur. Görünür, bu biznes pandemiya dövründə qurulub deyə, bazara giriş baryerləri olmayıb. Keyfiyyətli xidmət göstərdikləri üçün də müştəri sayı get-gedə çoxalıb". 

İqtisadçı "Wolt"-un fəaliyyətini  müsbət qiymətləndirir, amma ən yaxşı şirkətin belə son nəticədə monopoliya yaratmamalı olduğunu qeyd edir. O hesab edir ki, Dövlət Xidmətinin qərarı düzgün monitorinqə, bazar payının müəyyənləşdirilməsi sahəsində tədqiqatlara əsaslanırsa, məqbul hesab oluna bilər.  

"Əgər bu, şirkəti zəiflətmək, bazarda sıxışdırmaq, onun üçün baryerlər yaratmaq məqsədilə həyata keçirilirsə, doğru qərar deyil. Təəsüf ki, qeyd olunan halları nə təsdiq, nə də təkzib etmək imkanına malik deyilik". 

İqtisadçı həmçinin qeyd edir ki, Azərbaycan təcrübəsində uğurlu biznesləri ələ keçirmə cəhdləri çox olub: "Məsələn, "İdeal”ın rəhbəri həbsdədir, onunla bağlı rəylər də göstərir ki, biznes quran adamın uğuru artdıqca, təhlükə ilə üzləşir. Hansı biznes oliqarxın xoşuna gəlirsə, onu nəzarət altına almaq üçün bazarı quranı sıxışdırıb çıxarır". 

Natiq Cəfərli - Sosial Media

 
Natiq Cəfərli: "Azərbaycanda inhisarçılıq və məmur biznesinin üstünlük təşkil etdiyini nəzərə almalıyıq"

İqtisadçı N.Cəfərli də ölkədə məmurların uğurlu biznesləri ələ keçirmə cəhdlərinin geniş yayıldığını qeyd edir. Bununla bağlı o, bir neçə keysə diqqət çəkir: "Məsələn, Zülfüqarlı qardaşlarının bizneslərinin əlindən alınması, keçmiş deputat Nazim Bəydəmirlinin metal şirkətinə reyder hücumları, "Barmek" şirkətinin rəhbəri Hüseyn Arabullanın 2 il azadlıqdan məhrum edilməsi buna misal ola bilər". 

İqtisadçının qənaətincə, bu proseslər daha çox  1990-cı illərin sonu, 2000-ci illərin əvvlərində təkrarlanırdı: "Son zamanlar ən yadda qalan hadisə isə "İdeal"la bağlı oldu. Şirkətin dəyərinin yüksək olmasına baxmayaraq cüzi qiymətləndirmə ilə sahibinin əlindən aldılar".