Xalq Cəbhəsinin yaranmasından 30 il keçir

Xalq Cəbhəsinin yaranmasından 30 il keçir

16-07-2019 17:37 / Bu xəbər 760 dəfə oxundu

Bu gün, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 30 ili tamam olur. Xalq Cəbhəsinin təsis konfransı 1989-cu ilin məhz 30 iyulunda keçirilib.

Xalq Cəbhəsi 1988-ci ildə Qarabağda erməni separatçılığının baş qaldırmasına qarşı başlanan və sonradan milli azadlıq, müstəqillik uğrunda mübrizəyə çevrilən xalq hərəkatı fonunda ərsəyə gələn təşkilat, daha dəqiqi o böyük etiraz hərəkatının təşkilati məcraya salınması idi.

Azərbaycanın keçmiş SSRİ-dən müstəqilliyini elan etməsində, Qarabağın müdafiəsi uğrunda müharibəyə səfərbərlikdə müstəsna rol oynayan Xalq Cəbhəsi həm də ölkənin demokratikləşməsi, Qərbə inteqrasiya istiqmətində fövqəladə işlər görüb. 

Təşkilatın ilk sədri mərhum Əbülfəz Elçibəyin Azərbaycanda ilk və hələlik son dəfə keçirilən demokratik seçkidə prezident seçilməsi ilə AXC 1992-ci ildə hakimiyyətə gəlib və 1 il sonra Gəncədən başlanan hərbi qiyam nəticəsində hakimiyyətdən devrilib.

Xalq Cəbhəsi 1995-ci ilə qədər ictimai-siyasi hərəkat kimi fəaliyyət göstərib, həmin ildə isə yeni qanunvericiliyə uğyun olaraq siyasi partiyaya çevrilib (AXCP), parlament seçkisinə qatılaraq bir neçə yer qazanıb. AXCP AXC-nin hüquqi-siyasi varisi olaraq fəaliyyətini davam etdirməkdədir.

Partiyanın ilk sədri  Əbülfəz Elçibəy 2000-ci ildə dünyasını dəyişib. Ondan sonra AXCP-nin sədri vəzifəsinə o vaxt sədrin birinci müavini olan Əli Kərimli seçilib və hazırda da partiyanın sədridir.

AXCP uzun illərdir Əliyevlər hakimiyyəti ilə sərt mübarizə şəraitindədir və davamlı repressiyaya, basqılara məruz qalıb. Hazırda partiyanın 9 nəfər üzvü, o cümədən sədrin bir müavini və müşaviri, siyasi məhbus olaraq həbsdədir.