Xalqını düşünən olimpia çempionu

Xalqını düşünən olimpia çempionu

30-07-2024 20:16 / Bu xəbər 3775 dəfə oxundu

Çingiz Sultansoy

Cüdoçu Hidayət Heydərov finalda Fransa idmançısı Joan-Bencamin Qabanı məğlub edərək olimpia çempionu oldu. Amma sevincim buna  görə deyil. 

Əvvəla, azdımı dünya, Avropa və olimpia birinciliyini qazanandan sonra polisdə işləməyə gedən çempionlarımız? 

Klassik və sərbəst güləş, cüdo, aykido, karate, boks və bu kimi qaydalı-qaydasız döyüş növlərində qalib gələn idmançılarımızı qələbələrinə daha sevinmirəm, çünki belələrinin çoxusu DİN, MTX, Prokuroluq, həbsxana kimi yerlərə işə düzəlir. 

Polisdə, güc nazirliklərində  işləyənlər isə əsasən cinayətkar tutmurlar, peşələri, işi-gücləri vətəndaşlardan rüşvət alıb adamları incitmək, döymək, nəinki müxalidətçilərə, qanun-qaydadan danışan, etiraz edən istənilən şəxsə işgəncə verməkdir. 

Hələ iyirmi-iyirmi beş il əvvəl mitinqlərdə bizi döyənlər polisin arxasından çıxan idmançılar deyildimi? Çox təəssüf, amma olanı budur, ölkədə durum belə acınacaqlı hala gəlib. 

Həmkarım, "Azərbaycan Saatı”nın təsisçisi və aparıcısı Qənimət Zahid  olimpia qızılıyla bağlı Hidayət Heydərovu  təbrik edərək hakimiyyətə xitabən yazıb: "Siz Allah, bu gəncləri polis orqanlarına soxub günah və qarğış yiyəsi etməyin”.  

Yaxşı xahiş və təklifdir, amma eşidəcəklərinə gümanım azdır, daha doğrusu, yoxdur. Həm də hakimiyyətimiz Allahı tanımır, tanısaydı, elədiklərini eləməzdi. 

Köhnə dostum Hüseynin oğlu, gənc vətəndaş fəalı Rüstəm İsmayılbəyli yazıb:  

"O boyda təbii ehtiyatla nə normal bir rifahı var, nə normal təhsili var, nə normal demokratiyası, insan haqları var, hələ utanmadan dostlarımızı da həbs edir.  Amma olimpiadada qızıl medal alanda sevinməliyik ki, bizim ölkəmizdir.  Bu ölkənin sərvətini kim yeyirsə, qələbəsinə də o sevinsin, müharibəsinə də o getsin, zəhmət olmasa”.

Rüstəmin sözlərində "ölkə” sözünü "bu hakimiyyətin qurduğu dövlət” sözləriylə əvəz etsək, tam haqlıdır. Amma cüdo üzrə olimpia çempionu Hidayət Heydərov isə qızıl medalını alandan sonra deyib ki, qələbəsini xalqımıza həsr edir!

Bax buna ürəkdən sevinməyə dəyər, sevinirəm!

Bu sözlər az da olsa ümid verir ki, Hidayət Heydərov indi ya idman karyerasının sonunda polisə, prokurorluğa, milli təhlükəsizliyə işləməyə getməz, xalqa, yəni sadə adamlara işgəncə verməz. 

Hər halda ümid edirəm.

Bir də ona sevinirəm ki, Hidayət legioner deyil, yəni muzdluların çoxu kimi medalını, pul mükafatını alıb başqa, daha sərfəli yerə gedəsi deyil, bu torpağın yetirməsidir, bizimkidir, bizimki də qalaсaq. Belə isə var ol, olimpiya çempionu, Azərbaycanı düşünən Azərbaycan oğlu Hidayət Heydərov!

Başımızı uca elədin, əziz Hidayət!

Daha böyük qələbələr, daha geniş üfüqlər və böyük uğurlar arzulayıram, oğlum! Amma bizə ümid verən bu sözlərindən sonra DİN, MTN, ƏN-ə işləməyə getsən, heç nə...

İnanıram ki, belə olmayacaq, qələbəni həsr elədiyin xalqın ümidini, ümidimizi qırmayacaqsan!..