Xanlar Vəliyevin qardaşı ilə bağlı 1 milyonluq dələduzluq iddiası

Xanlar Vəliyevin qardaşı ilə bağlı 1 milyonluq dələduzluq iddiası

18-06-2022 11:42 / Bu xəbər 378 dəfə oxundu

Şahmar Vəliyev zərərçəkmiş kimi tanınsa da, məhkəməyə gəlmir

Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı olan Şahmar Vəliyevin adı 1.8 milyonluq dələduzluq işində keçir. 

İddia olunur ki, bu pulun təxminən 1 milyonu "Azneftemash” zavodunun rəhbəri Şahmar Vəliyevdən alınıb.

Bu cinayət işində təqsirləndirilən şəxs qismində Cəfər Əliyev məhkəmə qarşısına çıxarılıb. 

O, Şahmar Vəliyev və 4 nəfərə – Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyevə qarşı dələduzluqda ittiham olunur. Cəfər Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyunun 17-də keçirilən məhkəmə iclasında Şahmar Vəliyevin sürücüsü Fərrux Əsgərov şahid qismində dindirilib. O bildirib ki, Şahmar Vəliyev təqsirləndirilən Cəfər Əliyevə 30 min dollar pulu onun yanında verib.

"Bildiyimə görə, Cəfər Əliyevlə İrandan polietilen borular gətirib satmaq məsələsi idi. 30 min pul istədi, dedi ki, İrandan gətiriləcək malın daşınması və gömrük xərcləri üçün bu qədər lazım olacaq. Bir neçə gün sonra Şahmar müəllim həmin məbləği ona verdi. Bundan sonra Şahmar Vəliyevdən nə qədər pul aldığını bilmirəm, məlumatım yoxdur”, – sürücü bildirib.

Şahmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, o, bir neçə aydır ki, məhkəməyə gəlmir. Bu səbəbdən məhkəmədə ifadə də verməyib.


Şahmar Vəliyev (öndə). 
Mənbə: "azneftemash.com"

Cinayət işində iddia olunur ki, Şahmar Vəliyevdən ümumilikdə 580 min dollar (təxminən 986 min manat) alıb. İttihamda bəhs edilən 1.8 milyon manatın qalan hissəsinin isə digər zərərçəkmişlərdən alındığı iddia edilir.

Cəfər Əliyev ona qarşı irəli sürülmüş dələduzluq ittihamını qəbul etmir. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Cəfər Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mingəçevirdəki "Azneftemaş” ASC-dən başqa, Yevlaxda mərkəzi bazarın, Bakıda "Bakı Mexanikləşdirmə-1” ASC-nin, "Rusel Plaza”nın və bir sıra başqa obyektlərin də Şahmar Vəliyev və ailəsinə məxsus olduğu bildirilir.(Meydan TV)