Xanımı: Polad Aslanovu soyuq kamerada saxlayırlar

Xanımı: Polad Aslanovu soyuq kamerada saxlayırlar

12-01-2020 21:52 / Bu xəbər 1595 dəfə oxundu

"DTX ilə əməkdaşlıq edib, Poladın üzünə durmaq üçün istifadə olunan dırnaqarası jurnalistləri də cəmiyyətə tanıdacağıq”

"Xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanma şəraitindın narazıdır. 

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova danışıb.

Xanımı deyir ki, P.Aslanov soyuq kamerada saxlanılır, üstəlik, ona qalın örtükdən istifadə etməyə imkan da verilmir. G.Aslanova həyat yoldaşına qarşı bu cür davranışın səbəbini də izah edir.
 
Onun sözlərinə görə, P.Aslanovu DTX-nın istintaq təcridxanasından Penitensiar Xidmətin Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürmək istəyirlər. O isə ailəsinin durumunu nəzərə alıb, ora köçürülməsini istəmir.
 
G.Aslanova iddia edir ki, bu etirazına görə həyat yoldaşına süni problemlər yaradırlar: "Bura elədir ki, şəhərin içidir, yanına ictimai nəqliyyatla da gedə bilirik. Kürdəxanıya hər dəfə sovqat aparmaq üçün gərək taksi ilə gedək, buna da imkan yoxdur. Polad Aslanov buna görə könüllü şəkildə ərizə yazıb köçmək istəməyib. Poladın saxlandığı kamera çox soyuqdur. Qalın yorğan da vermirlər. Bir adyal veriblər, ondan da gündüz saatlarında istifadə edə bilməz. Orada səhər saat 6-da onları oyadırlar. Yatağı yığışdırırlar. Bundan sonra axşama qədər həmin yataqdakı adyalı götürüb üstünə ata bilməz”.

P.Aslanovun üç nəfərlik kamerada saxlandığını deyən xanımı bildirir ki, soyuqdan onun səhhətində də problemlər yaranıb. 

Jurnalist böyrək ağrılarından əziyyət çəkir: "Biz onunla sonuncu dəfə yanvarın 10-da görüşdük. Onda dedi ki, böyrəkləri çox ağrıyır, bəzən elə sancır, sanki bıçaq saplanıb”.

G.Aslanovanın sözlərinə görə, bir müddət əvvəl də oxşar vəziyyət yaranmışdı. O zaman Ombudsman Aparatına şikayətindən və bu qurumun əməkdaşlarının müdaxiləsindən sonra problem həllini tapmışdı. Ona görə də G.Aslanova yanvarın 13-də yenidən Ombudsman Aparatına müraciət etmək niyyətindədir: "Ombudsman Aparatının əməkdaşları gedəndən sonra otağın temperaturu artmışdı, gündüzlər də üstünə adyal atıb yatmasına icazə vermişdilər”.
 
Meydan TV məsələyə DTX-dan münasibət öyrənə bilməyib.

P.Aslanov ötən il iyunun 12-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur. İddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əməkdaşlıq edib, onlara dövlət sirri sayılan məlumatları ötürüb. Lakin P.Aslanov ittihamı rədd edir və DTX əməkdaşlarının korrupsiya əməlləri – zəvvarların ziyarətlərini təşkil edən şirkətlərdən rüşvət alınması barədə yazılarına görə şərlənib həbs olunduğunu deyir.

Artıq ibtidai istintaq başa çatıb, cinayət işinin materialları tanış olmaq üçün P.Aslanova, onun vəkillərinə verilib.
 
G.Aslanova deyir ki, həyat yoldaşına qarşı ittihamı təsdiqləyən mötəbər sübutlar yoxdur. Ona görə də vəkillər cinayət işinin materiallarıyla tanışlıqdan sonra istintaqa cinayət işinə xitam verilməsi haqda vəsatət təqdim ediblər, amma hələ rəsmi cavab verilməyib. 

"Dövlət sirri jurnalistdə niyə olmalıdır? Jurnalistə gəlib çıxıbsa, deməli, informasiyadır. Biz məhkəmənin başlanmasını gözləyirik. Bu işdəki çox gizlinlərin üstü açılacaq. DTX ilə əməkdaşlıq edib, Poladın üzünə durmaq üçün istifadə olunan dırnaqarası jurnalistləri də cəmiyyətə tanıdacağıq. Hamı biləcək ki, kim kimdir...”, - deyə G.Aslanova bildirib.

İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov saytlardan birinin əməkdaşını ölümlə hədələyib. Həyat yoldaşı bu ittihamın da yalan olduğunu söyləyir: "Əgər Polad bu adamı hədələmişdisə, həbs olunanda məhkəməsinə niyə gəlirdi? İddia olunur ki, hədələmə Poladın həbsindən əvvəl baş verib. Şikayətçi olduğu adamın ailəsinə niyə dəstək verirdi?”

P.Aslanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü maddəsində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.