Xarici İşlər Nazirliyindən ABŞ-a sərt etiraz
11-01-2018 16:46 / Bu xəbər 2814 dəfə oxundu
Terror təhlükəsi ilə əlaqədar Azərbaycanda bəzi risklər yaranıb.
Bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən Amerika vətəndaşlarına tövsiyələrində deyilir.
Xüsusən, terrorçu qrupların Azərbaycanda turizm, nəqliyyat, ticarət, dövlət, idman və mehmanxana obyektlərinə hücumlar planlaşdıra biləcəyi deyilir. Buna görə amerikalılar ehtiyatlı olmalıdır.
Bundan başqa, Dövlət Departamenti Dağlıq Qarabağa və cəbhə xəttinə bitişik ərazilərə səfər etməməyi tövsiyə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinİ qəbul etmir.
Xarici İşlər Nazirlyini məlumatında deyilir ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir.
"Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.
Məlumatda qeyd olunur ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır.
İki ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti Milli Şuranın mitinqində terror törətmək istəyən dəstənin zərərsizləşdirildiyini bildirməklə, Azərbaycanda terror təhlükəsinin olduğunu ifadə etmişdi.