Xədicə İsmayıl: "Hökumət mediaya toxunmasın, yaxşılığı lazım deyil"

Xədicə İsmayıl:

13-01-2021 17:10 / Bu xəbər 632 dəfə oxundu

Foto: Meydan TV
 
Xalid Ağəliyev: "Azərbaycan mediası kiçik istisnalarla hökumətin nəzarətindədir”

"Hökumət mümkün qədər mediadan həm nəzarətini, həm də qayğısını çəkməlidir. Çünki qayğı heç vaxt elə-belə edilmir. Əvəzində tam nəzarət və itaət tələb olunacaq”.

Müstəqil araşdırmacı jurnalist Xədicə İsmayıl belə deyir.

O, bu sözləri Prezident İlham Əliyevin sərəncamı ilə yanvarın 12-də yaradılan Medianın İnkişafı Agentliyi ilə bağlı deyib.

"Mediaya dəstəklə dövlət məşğul olmamalıdır”

Xədicə İsmayıl düşünür ki, hökumət mediaya toxunmasın, yaxşılığı lazım deyil. Ən əsası, mediaya dəstəklə dövlət məşğul olmamalıdır: "Təəssüf ki, bütün dünyada olan əslində medianın özünün-özünə nəzarət funksiyasını həyata keçirən Mətbuat Şurası kimi qurumlar da bizdə Prezident Administrasiyasının nəzarəti altındadır. Onlar dövlət qurumu kimi fəaliyyət göstərirlər. Bu belə olmasaydı, medianın özünün-özünü tənzimləmək üçün kifayət qədər iradəsi ola bilərdi”.

"Azad medianın yeni yaradılan Medianın İnkişafı Agentliyinə ehtiyacı yoxdur”

Jurnalist düşünür ki, azad medianın hökumətin yeni yaratdığı Medianın İnkişafı Agentliyinə ehtiyacı yoxdur: "Təbii ki, məqsəd azad mətbuatdırsa...”

KİVDF-nin varisi

Sərəncamda deyilir ki, Agentlik Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir. Fondun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Xədicə İsmayıl
Mənbə: Turan İA

"Azərbaycan mediası kiçik istisnalarla hökumətin nəzarətindədir”

Media eksperti, hüquqşünas Xalid Ağəliyev deyir ki, onsuz da Azərbaycan mediası kiçik istisnalarla hökumətin nəzarətindədir: "Hökumət mütəmadi olaraq, bu nəzarəti itirməmək, daha da sıxlaşdırmaq üçün addımlar atır. Son addım da bunlardan növbətisidir. 10 il idi ki, nəzarət başlıca olaraq, KİVDF vasitəsilə həyata keçirilirdi. Həmin qurumun imici, xüsusilə son 2-3 il ərzində təmir edilə bilməyəcək ölçüdə zədələnmişdi. Ona görə də medianı nəzarət altında tutmaq üçün növbəti addım gözlənilən idi”.

"Çox qurumlar görmüşük, çox proqramların qəbulunu yaşamışıq”

Hüquqşünas deyir ki, Medianın İnkişafı Agentliyi bu sahədə yenidir və yeni səlahiyyətləri var. Ümumi media mühitinə necə təsir edəcəyini gələcək göstərəcək: "Ancaq belə qurumların yaradılması yeni tendensiya deyil. Çox qurumlar görmüşük, çox proqramların qəbulunu yaşamışıq. Bu təcrübənin işığında yanaşsaq, nəsə ürəkçan yeniliklərin baş verəcəyini söyləməyə əsaslarımız yoxdur”.

Xalid Ağəliyev
Mənbə: Toplum TV

""Online” media inkişaf edəcək və peşəkar səviyyəyə gələcək"

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə düşünür ki, Agentlik Azərbaycan mediasının inkişafı üçün atılmış uğurlu addımdır: "Prezidentin sərəncamında əksini tapan müddəalar hamısı yaxşı yerinə yetirilərsə, əlbəttə, Azərbaycan mediası üçün müsbət haldır. Üstəlik, yeni yaradılan qurumun sayəsində "online” media inkişaf edəcək və peşəkar səviyyəyə gələcək. Bu, əhəmiyyətli bir məsələdir”.

Müşfiq Ələsgərli bildirir ki, yaradılan agentliyin səlahiyyətləri genişdir: "Məsələn, indiyə qədər KİV qanunvericiliyi "online” media sferasını əhatə etmirdi. Agentlik ilk rəsmi qurumdur ki, onun fəaliyyət sferasında "online” media da var. Agentlik həm medianın inkişafı ilə bağlı təkliflər verə, həm də prosesdə donor kimi iştirak edə bilər. Bu da çox yaxşı haldır”.

"Agentlik jurnalist yetişdirilməsinə də dəstək verəcək”

Müşfiq Ələsgərli deyir ki, Agentlik jurnalist yetişdirilməsinə də dəstək verəcək. Qurum beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək: "Ayrı-ayrı şəxsləri xaricə göndərib təhsil verəcək, onları mütəxəssis kimi yetişdirəcək. İndiyə qədər bu sahədə də ciddi boşluqlar var idi”.

"Agentlik mediada baş verən neqativlərlə bağlı ölçü götürəcək”

Müşfiq Ələsgərli bildirir ki, Medianın İnkişafı Agentliyinin mediada baş verən neqativlərlə bağlı ölçü götürmək səlahiyyəti də olacaq.

O düşünür ki, bu sahədə ciddi problemlər var: ""Online” media tənzimlənmədiyinə görə burada hər bir adam gəlib özü üçün bir nəfərdən ibarət sayt açırdı. Heç bir xəbər standartlarına, etik standartlara uyğun olmayan informasiyalar yayırdı. Bu agentliyə səlahiyyət verilir ki, həmin sahədə müəyyən nizam-intizam yaratsın”.

Müşfiq Ələsgərli
Mənbə: sputnik.az

Dövlətin mediaya dəstək verməsi onun müstəqilliyini kölgədə qoymayacaq ki?

Müşfiq Ələsgərli hesab edir ki, dövlətin mediaya dəstək verməsi medianın müstəqilliyinə təsir etməyəcək. Çünki mahiyyət etibarilə Agentliyin yaradılması medianın özünü tənzimləmə qurumlarının fəaliyyətini istisna etmir: "Media həmişəki işini görür, sadəcə, dövlət media siyasətini həyata keçirən bir qurum yaradıb. İndiyə qədər belə qurumlar var idi. Sadəcə, səlahiyyətləri parçalanmışdı. İndi isə konkret bir mexanizmdə toplanıb”.

Prezidentin sərəncamında deyilir ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurasının həyata keçirəcək: "Agentliyin fəaliyyətinə cari rəhbərliyi dövlət başçısının təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək”.(Mənbə:Meydan.Tv)