Xədicə İsmayılın məhkəməsi təxirə salınıb

Xədicə İsmayılın məhkəməsi təxirə salınıb

30-07-2019 21:05 / Bu xəbər 356 dəfə oxundu

Bu gün Binəqədi Rayon Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın sınaq müddətinin dayandırılması barədə işinə baxıb. 

Məlumatı jurnalistin özü feysbuk hesabında yayıb.

Məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclas təxirə salınıb.

Növbəti iclas avqustun 9-da keçiriləcək.

Jurnalist bildirib ki, Hakim Abbas Rzayev, əvvəlki məhkəmə qərarlarını öyrənmək üçün daha çox vaxtın lazım olduğunu söyləyib. 
 
Jurnalist sınaq müddətinin dayandırılması ilə bağlı məhkəməyə özü ərizə ilə müraciət edib.

O deyir ki, ona verilən 2 il 3 aylıq şərti cəzanın müddəti çoxdan başa çatıb. 

Şərti cəza ilə əlaqədar ona təyin edilən beş illik sınaq müddətinin də yarıdan çoxu geridə qalıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.

Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. Sonra həmin cəza 2 il 3 aya endirilib.

Toplum.tv