Xələf Xələfov: "Qazaxın 7 kəndinin qaytarılması həllini tapacaq"

Xələf Xələfov:

10-05-2022 12:25 / Bu xəbər 2533 dəfə oxundu

Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

Bunu mayın 10-da xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xəbəri APA yayıb. 

O bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır. 

"Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq", - nazir müavini deyib.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.