Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir (VİDEO)
03-09-2024 17:17 / Bu xəbər 653 dəfə oxundu
Bakının Xətai rayonu, Sadıqcan küçəsindən keçən su kəmərinin üzərində obyekt tikildiyi bildirilir...
"Pravda.az" xəbər verir ki, təhlükəli vəziyyət yaradan tikili eyni zamanda piyada səkisini də zəbt edib.
Məsələni araşdırmaq üçün saytımız tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatına sorğu ünvanlanıb.
Xatırlatma: Xətai Bakıda qeyri-qanuni tikililərə görə ən çox adı hallanan rayondur. RİH əməkdaşları isə mətbuata açıqlamalarında tikililərin mülkiyyət sənədlərinin olduğunu bildirirlər. Qeyd olunur ki, COP29 ərəfəsində obyektlərdə təmir-bərpa işləri həyata keçirilir.
Vətəndaşlar isə qeyd edirlər ki, sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edirlər, səkiləri, dayanacaqları zəbt edirlər, rayon rəhbərliyi isə tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də RİH-in "qanunidir" dediyi bəzi obyektlərlə bağlı "qanunsuzdur" cavabını verir.
Qeyd: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilmişdi. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması idi.
Avqustun 21-də növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt Rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə bundan əvvəl Xətai RİH ilə birgə xəbərdarlıq alan Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə edildiyi bildirilsə də, Xətainin adı çəkilməyib.
R.Quliyev 1997-ci ildən RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.