''Xəzər'': Bu il Azərbaycan ən azı 15, Ermənistan 23 hərbçi itirib

''Xəzər'': Bu il Azərbaycan ən azı 15, Ermənistan 23 hərbçi itirib

30-06-2018 14:46 / Bu xəbər 2145 dəfə oxundu

Müdafiə Nazirliyi ölüm hadisələrinin 9-ü barədə hər hansı açıqlama verməyib

"Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2018-ci ildə Azərbaycan və Ermənistanən Təhlükəsizlik və Müdafiə sektorundakı itkilərlə bağlı məlumat yayıb.

Bildirilir ki, bu il Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ən azı 15 hərbi qulluqçu ölüb. 

Onların 3 nəfəri döyüş, 12 nəfəri isə qeyri-döyüş itkisidir:

"Silahlı Qüvvələrin 3 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 2 hərbçinin xəstəlik nəticəsində, 1 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 3 nəfər naməlum hadisə səbəbindən, 3 nəfər əsgər yoldaşının açdığı atəş, 1 nəfər avto-qəzadan, 2 nəfərsə mina partlayışından ölüb. Ölənlərin 1 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 10-u əsgər, 2-si gizir, 2-si isə zabit olub. 14 nəfər Müdafiə Nazirliyinin, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub”.

Müdafiə Nazirliyi ölüm hadisələrinin 9-ü barədə hər hansı açıqlama verməyib.

Ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Bir nəfər əsgər yoldaşı tərəfindən xəsarət alıb, digər əsgərsə sərhəd pozucuları ilə mübarizədə yaralanıb.

"Xəzər” Hərbi Tədqiqatlar İnstitutu başa çatmamış bu il Ermənistan Silahlı Qüvvələrinin 23 hərbi qulluqçusunun öldüyünü qeyd edib. Onlardan 4-ü döyüş, 19 nəfəri isə qeyri-döyüş itkisidir. 4 hərbçi Azərbaycan tərəfinin atəşindən, 7 nəfərsə bədbəxt hadisələrdən ölüb. Qalan 4 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik, 1 nəfər təhlükəsizlik qaydalarının pozulması səbəbindən, daha 3 nəfərsə başqa səbəblərdən ölüblər.

"Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bildirib ki, ölənlərin 1-i zabit, 19 nəfəri əsgər, 3 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 11-i Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 12-si isə Ermənistan ərazisində baş verib.

Eyni zamanda, bu il Ermənistan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 1 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 2 əsgərsə cəbhə xəttində yaralanıb.///Meydan.Tv