"Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb” - Nazirlik

26-06-2019 15:42 / Bu xəbər 144 dəfə oxundu

"Xəzər dənizi qapalı hövzə olduğundan dövrü olaraq səviyyə dəyişmələri baş verir. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə görə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb”.

AzadliqRadiosu xəbər verir ki, bunu iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə hesab edir ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil iqlimi hesab olunur:

"Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir”, şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb:

"Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb”.

R.Səttarzadə hazırda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin ətraf mühit, insan sağlamlığı və təsərrüfatlara təhlükə yaratmadığını vurgulayıb.