Xəzər sakinləri: "Borca su götürürük"

Xəzər sakinləri:

15-07-2019 19:21 / Bu xəbər 1200 dəfə oxundu

Bakının Xəzər rayonun "Südçülük sovxozu" adlanan ərazisinin sakinləri illərdir yolsuzluqdan və susuzluqdan şikayətçidirlər. 

Deyirlər ki, düz 5 ildir su problemi ilə bağlı döymədikləri qapı qalmayıb. Yolların çala-çökür olması problemi daha da böyüdür.

"Su üçün "kaçalka” quyular qazdırırdıq"

Ataməli İsmayılov 2011-ci ildən buranın sakinidir. 

Onun sözlərinə görə əvvəllər ərazidə su problemi yaşamayıb: "Burada ilk yaşayanlardan biri mənəm. İlk vaxtlar bizdə su problemi olmayıb. Su üçün "kaçalka” quyular qazdırırdıq ki, su məsələsini həll edək. İstixana tikilənə qədər hər şey yaxşı idi”. 

Onun sözlərinə görə, tək su mənbəyi "kaçalka” olub, onu da əllərindən alıblar: "Suyun rəngi əvvəllər belə qırmızı deyildi. İstixana tikiləndən bir müddət sonra suyun rəngi dəyişməyə başladı. İstixananın yerləşdiyi əraziyə qədər suyun rəngi normaldır, ondan sonrakı ərazidə rəngi dəyişir. Düzdür, əvvəldən suda duzluluq var idi, amma məişətdə istifadə edirdik. İndi suyun rəngi dəyişib, istifadəsi mümkünsüzləşib”. 

"Bu su ilə çiməndə bədənimiz yara səpir" 

Ataməli İsmayılov deyir ki, rəngi dəyişmiş sudan istifadə etdikdə müxtəlif xəstəliklərə yoluxurlar: "Bu su ilə çiməndə bədənimiz yara səpir. Harasa gedəndə qaşına-qaşına qalırıq. Nə qədər adamın bədəni yara töküb. Paltar yuyuruq, codlaşır”. 

"Suyun tərkibində kimyəvi dərmanlar çoxdur"

Sakin Tərlan Teymurov isə deyir ki, problemin əsas səbəbi istixananın tullantı sularının yığıldığı hovuzdur: "İstixana tikiləndə işçilər deyirdilər ki, su hovuzun düzgün tikilməyib. 2014-cu ildən istixana işləyir. 3-4 il qabaq suyu analizə verdik. Tərkibindən hər şey çıxdı. Suyun tərkibində kimyəvi dərmanlar çoxdur. Orada işləyənlər deyir ki, su hovuzunu tikəndə izolyasiya etməyiblər, ona görə də su sızır. Həmin sızan su da bizim "kaçalka” quyularımıza dolur”. 

"Borca su götürürük" 

Tərlan Teymurov suyu pulla alır. Deyir ki, yollar bərbad olduğundan su maşınları tez-tez gəlmir: "Suyu tonla alırıq. Onun da tonu 7 manatdır. Ayda 4-5 ton su lazımdır. Qənaətlə işlətməyə çalışırıq. Heç bilmirik gətirilən su haradan götürülüb. Maşın da olmayanda qonşulardan su dilənirik, borca su götürürük, su alanda aparıq qaytarırıq”. 

"Gərək xəstəlik tapaq, ondan sonra su çəkələr?" 

Sakinlər deyir ki, dəfələrlə şikayət etsələr də, problemlərini həll edən yoxdur: ""Azərsu”ya dəfələrlə şikayət etmişik. Şikayət edəndə deyir, hələ buralar plana düşməyib. Bilmirik nə vaxt plana düşəcək? Burada məscid deyilən yerə qədər su var, oradan bu tərəfə su yoxdur. Gərək xəstəlik tapaq, ondan sonra su çəkələr? İstixanaya gedib şikayət etdik, bizi qovdular. İndi ora heç yaxınlaşa bilmirik. Hamı bir-birinin üstünə atır. Gərək şikayət edək, bir şeyi də özləri düşünsünlər ki, belə olmaz. Kimdənsə pulsuz su istəmirik ki? Gəlib su çəksinlər, pulumuzu verək. Ucqar kəndlərə belə su, qaz çəkirlər, biz Bakıda yaşıya-yaşıya susuzluqdan əziyyət çəkirik”. 

"Azərsu”dan Toplum Tv-yə bildirilib ki, problemlə tanışdılar, məsələ ilə bağlı işlər görüləcək.

Əbülfət Baxşəli