XİN 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

XİN 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

20-01-2020 13:01 / Bu xəbər 737 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək "Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar” kimi daxil oldu", - deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı: "Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik  Komitəsinin "Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu".

XİN vurğulayır ki, tarixin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir: "Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub".

Bəyanatda  deyilir ki, 30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir: "Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır".
 
toplum.tv