XİN-dən Azərbaycanın ABŞ-dakı səfirinin təhdid edilməsinə münasibət

XİN-dən Azərbaycanın ABŞ-dakı səfirinin təhdid edilməsinə münasibət

31-01-2021 13:41 / Bu xəbər 859 dəfə oxundu

"Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim”.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyini və səfir Elin Süleymanovu hədəfə alaraq, nifrət zəminində və təhdid xarakterli kampaniyaya başlamasına münasibət bildirərkən deyib.

Nazirliyin sözçüsü bu kimi əməlləri qətiyyətlə pislədiklərini və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözlədiklərini bildirib. 

"Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Vurğulamaq istərdim ki, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əminamanlığın bərqərar olması, xalqların birgə yaşayışınında maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünürlər”, - XİN rəsmisi bildirib.