XİN-dən İrana cavab: "Azərbaycana heç bir dəlil təqdim edilməyib"

XİN-dən İrana cavab:

04-10-2021 13:22 / Bu xəbər 1077 dəfə oxundu

"Azərbaycan hər zaman müstəqil xarici siyasət həyata keçirib"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın son açıqlamasına reaksiya verib.

XİN rəsmisi Abdullahianın İsrailin İran sərhədləri yaxınlığında (Azərbaycan ərazisində) hərəkətliliyi və mövcudluğu barədə dediklərini əsassız sayıb.

Abdullayeva bildirib ki, Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirlər: "Çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz".

"Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib", - Abdullayeva belə deyib.

Leyla Abdullayeva təəssüflənib ki, hələ 44 günlük II Qarabağ müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi: "O zaman da bəyan etdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib. Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitmədik. Ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır, bu ölkəmizin dəyişilməz mövqeyidir. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır. Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır".

İdarə rəisinin sözlərinə görə, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir: "Son onilliklər ərzində Azərbaycan ərazisində İslam tarixinə və mədəniyyətinə məxsus irsin dağıdılması, talan edilməsi və təhqir edilməsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayıb və bu məsələdə bizim haqq mövqeyimizin İƏT üzv ölkələri tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır".

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 1-də Azərbaycanın yeni təyin olunmuş səfiri Əli Əlizadanəni qəbul edərkən Gorus-Qafan yolu ilə bağlı Azərbaycanın tutduğu mövqedən də narazılığını bildirib.

Nazir Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirib və iki sürücünün saxlanmasından "məyus" olduğunu deyib.

Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsini "anlaşılmaz" adlandırıb: "Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirməyə haqlıdır, amma nəyə görə məhz indi və nə üçün bizim sərhədimizdə?".

Bir gün sonra İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə "Mehr” agentliyinə müsahibəsində İlham Əliyevin İranla Azərbaycan sərhəddində keçirilən hərbi təlimlərə verdiyi qiyməti "məyusedici" adlandırıb.