XİN Elmar Məmmədyarovla bağlı yazılanlara görə DTX-ya müraciət edib

XİN Elmar Məmmədyarovla bağlı yazılanlara görə DTX-ya müraciət edib

08-06-2020 20:51 / Bu xəbər 1050 dəfə oxundu

"Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir”

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Təhükəsizlik Xidmətinə müraciət etdiyi bildirilir.

Müraciətdə nazir Elmar Məmmədyarovun özü və övladları haqqında media və sosial şəbəkələrdə səslənən fikirlərdən bəhs olunub.

Müraciəti mətbuatda yayan nazirliyin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmir və bu barədə əvvəl də münasibətini sərgiləyib:

"Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib".

Leyla Abdullayeva deyib ki, vətəndaşın şərəf və ləyaqəti Azərbaycanda Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

"Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir. Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik", -deyə Leyla Abdullayeva fikirlərini yekunlaşdırıb.

Bir müddətdir ki, xarici işlər naziri Elmar Məmmədyarovun övladlarına Nyu-York şəhərində 4 milyon dəyərində iki mənzil alması haqqında media və sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına nazirliyin sözçüsü Leyla Abdullayeva "oğlanlarına mənzil alması nazir Məmmədyarovun şəxsi işidir” deyə cavab vermişdi.