XİN Hindistan səfirini Məhəmməd peyğəmbərə görə çağırdı
09-06-2022 14:20 / Bu xəbər 1103 dəfə oxundu
İyunun 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə qurumun yaydığı açıqlamada bildirilir.
Məlumata görə, görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsi qəbuledilməz sayılıb.
"Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.
Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib", - deyə rəsmi məlumatda bildirilir.
Hindistanın Baş naziri Narendra Modinin partiyasının sözçüsü tərəfindən Məhəmməd peyğəmbəri təhqir edən ifadələrə görə müsəlman ölkələri bir-birinin ardınca oxşar etiraz notaları verib.
Etiraz edən ölkələr arasında Azərbaycanla yanaşı, İndoneziya, BƏƏ, Maldiv adaları, İordaniya, Bəhreyn, Liviya Qətər, Küveyt, İran, Səudiyyə Ərəbistanı, Oman və Əfqanıstanın adları var.












