XİN: "Putinin mövqeyini bölüşürük"

XİN:

18-11-2020 17:58 / Bu xəbər 869 dəfə oxundu

Leyla Abdullayeva: "Rusiya Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa maraqlıdır"

"Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiya Prezidenti Vladimir Putinin 17 noyabr tarixində yayımlanan müsahibəsini şərh edərkən səsləndirib.

Leyla Abdullayeva deyib ki, üçtərəfli bəyanat mühüm bir nailiyyət kimi qan tökülməsinin dayandırılmasına hesablanıb və Azərbaycan tərəfi Vladimir Putinin bu qiymətləndirməsini tamamilə bölüşür:

"Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləyib. Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir. Putinin müsahibəsi erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir. Rusiya Prezidenti bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi. Xüsusilə qeyd olunmalıdır ki, Putin Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.///Meydan.Tv