XİN rəsmisi: "Bu, müvəqqəti atəşkəsdir"

XİN rəsmisi:

17-10-2020 23:57 / Bu xəbər 1021 dəfə oxundu

"Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti bir prosesdir. Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir”.

Bunu "CNN Türk" kanalına Xarici İşlər Nazirliyi rəsmisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, atəşkəs, sadəcə, humanitar məqsədlərlə qəbul edilib.

"Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək. Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti prosesdir”, - Leyla Abdullayeva belə deyib.

Oktyabrın 18-i saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunub.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.