XİN rəsmisi: “Rusiya texniki səhv olduğunu deyib"

XİN rəsmisi: “Rusiya texniki səhv olduğunu deyib

04-09-2021 16:43 / Bu xəbər 2156 dəfə oxundu

Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanında qondarma qurumun "Dağlıq Qarabağ Respublikası” kimi qeyd edilməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycan XİN etirazını dərhal diplomatik kanallarla Rusiyaya çatdırıb. 

"Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb”, – idarə rəisi əlavə edib.

Onun dediyinə görə, qarşı tərəf məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib.

Sözügedən saytda tanınmamış qurumun "Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunması Azərbaycanda narazılıqla qarşılanıb və ölkənin siyasi hakimiyyəti buna görə tənqid edilib.