"Ya Oqtay Əsədov dövlətdən güclüdür, ya da dövlət içində dövlət var"

24-01-2020 17:16 / Bu xəbər 1411 dəfə oxundu

Sumqayıt Apelyasiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Rəhimovun (Əzəmət) şikayətini təmin etməyib.

Bu barədə Zahir Əzəmət sosial şəbəkədə yazıb.

O bildirib ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını qüvvədə saxlayıb və onun namizədliyini qeydə almayıb.

Z. Əzəmət problmlə bağlı prezident İlham Əliyevə sual ünvanlayıb: "Cənab prezident, bir dövlət qurumu (MSK və məhkəmə) digər dövlət qurumunun sənədini tanımırsa, ən əsası, eyni dövlət qurumu (Əmlak Komitəsi) 13 gün ara ilə mənimlə bağlı 2 fərqli arayış verirsə, ya Oqtay Əsədov dövlətdən daha güclüdür, ya da Azərbaycanda dövlət içində dövlət var. Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz!"

"Ola bilsin ki, doğrudan da, hansısa bilmədiyimiz vacib səbəblərdən Oqtay Əsədov mütləq deputat seçilməlidir. Olsun, amma bunu dövlətin rəsmi möhürünü, dövlətin rəsmi etibarını zədələmədən də edə bilərdilər. Hər halda bu şəkildə yox. İnanıram ki, mənimlə bağlı başverənlər özfəaliyyətdir və Sizin bundan xəbəriniz yoxdur", - Z. Əzəmət bildirib. 

Z. Əzəmət məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini deyib. 

"Qaynar Media" MMC-nin rəhbəri Zahir Rəhimov (Əzəmət) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının (DSK) namizədliyini qeydə almamaqla bağlı qərarından MSK-ya şikayət etsə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb. 

Bundan sonra o, Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Bakı Apelyasiya Məhkəməsi isə şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.