Yadigar Sadıqlı: “Bizim Qarabağda rəqibimiz Ermənistan deyil, Rusiyadır”

Yadigar Sadıqlı: “Bizim Qarabağda rəqibimiz Ermənistan deyil, Rusiyadır”

08-11-2021 15:31 / Bu xəbər 2599 dəfə oxundu

"İkinci Qarabağ savaşının bitməsindən keçən bir il ərzində, zənnimcə, gələcək üçün nəticə çıxarılacaq əsas hadisə Ermənistandakı parlament seçkiləri oldu. Müharibədə məğlub olan Nikol Paşinyanın bu seçkilərdə inamlı qələbə qazanması erməni cəmiyyəti üçün Qarabağ məsələsinin artıq prioritet olmadığını göstərdi”.

Bu fikirlər Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlıya məxsusdur.

O, Qarabağ məsələsinin niyə prioritet olmadığını belə izah edir: "Niyə daha prioritet deyil? Düşünürəm ki, bu sırf 44 günlük savaşla bağlı deyil. Birinci Qarabağ savaşında qazandıqları qələbənin onlara əslində heç nə verməməsi, bu qələbəni rəsmiləşdirə bilməmələri ötən hər il ərzində məyusluğun artmasına səbəb olub. Özünü açıq büruzə vermirdi, amma altdan-altdan çoxalırdı. Hərbi məğlubiyyət isə bu məyusluğun aşkar ortaya çıxardı”.

Sadıqlı qeyd edir ki, son savaş ermənilərin özləri ilə bağlı bir çox miflərinin dağılmasına səbəb oldu: "Azərbaycanın qələbəsini Türkiyənin köməyi, yaraqlılar, nə bilim, az qala, beynəlxalq koalisiya ilə izah etsələr də, təhtəlşüurda anlayırlar ki, bütün bu illər ərzində özlərinə təsəlli verdikləri, güc aldıqları miflər əsassız çıxıb. Anladılar ki, ermənilər spartalı filan deyillər (hərçənd, Sparta da sonda təbii faktorlar qarşısında məğlub oldu), erməni diasporası hər şeyə qadir deyil, ermənilərin xüsusi hərbi istedadı (beş erməni marşalı) barədə əfsanə boş şeydir, azərbaycanlıların keçmişdə marşalları olmasa da, bu, onlara indi qələbə qazanmağa mane olmur”.

Müsavat funksioneri bildirir ki, üstəlik, böyük ümid bəslədikləri strateji üstünlük də artıq yoxdur: "Bölgədəki ən hündür ərazilər bizim əlimizdədir, illərlə yaradılan müdafiə istehkamları daha mövcud deyil. Şuşa yenə Demosfen qılıncı kimi qondarma rejimin başı üzərində durub”.

O hesab edir ki, belə vəziyyət Qarabağ probelmi ilə bağlı yeni situasiya yaradır: "Ermənistan və Qarabağ erməniləri indi vahid mövqedə deyillər. Onlar get-gedə bir-birindən uzaqlaşan iki trayektoriya üzrə hərəkət edirlər. Qalan ərazilər üzərində suverenliyimizi bərpa etmək qarşısında rəqib artıq Ermənistan deyil, Rusiyadır. Bir qədər başqa səpkidə rəqibdir, amma rəqibdir. Əslində, yeni status-kvo rəsmi Bakıdan Ermənistana yönəlik son 33 ildə səslənəndən fərqli ritorika səsləndirməyi tələb edir. Qələbədən zövq almaq, qəlbimizdə illərlə bağlanan qubarın acığını çıxmaq hissi anlaşılandır, amma daha gələcəyə baxmaq lazımdır”.