Yadigar Sadıqlı: "Müsavatçı qalmaq üçün Müsavat Partiyasından istefa verirəm"

Yadigar Sadıqlı:

14-12-2023 01:09 / Bu xəbər 2966 dəfə oxundu

Tarixçi, keçmiş siyasi məhbus, ötən qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verib.

Bu barədə Yadigar Sadıqlı "Feysbuk" hesabında yazıb. 

Sadıqlı Müsavat Partiyasına üzv olduğu dövrü təşkilatın indiki dövrü ilə müqayisə edib.

O, təəssüfləndiyini qeyd edib ki, partiya siyasi proseslərə təsir imkanlarını itirib: "Mən üzv olanda Müsavat Vaqif Səmədoğlu kimi tanınmış şəxsi saxta seçkilərdən sonra mandat qəbul etdiyinə görə partiyadan çıxaran prinsipial təşkilat idi. İndi İlham Əliyevi təbliğ edən və buna görə heç bir tənbeh almayan Novella Cəfəroğlunun partiyasıdır. Siyasi məhbusların müdafiəsində iştirak etməyən, imkan düşəndə vəkillər kollegiyasının sədrinə mədhiyyə oxuyan Osman Kazımovun başqan müavini olduğu partiyadır. Mən üzv olanda Müsavatda Azərbaycan siyasətinin qaymaqları toplaşmışdı. Onların bəziləri kəskin rəqabət üzündən Divana, hətta Məclisə düşə bilmirdilər. Hər qurultay öncəsi tanınmış simalar rayon təşkilatlarına minnətçi düşürdülər səs toplamaq üçün".

"İndi Müsavat Partiyasında rəhbər vəzifə tutan, Divan üzvü olanların böyük əksəriyyəti heç siyasi fqur deyillər. Sosial şəbəkə profillərinə baxsan siyasi yazı görməzsən. Uzağı, Arif Hacılının, İsa Qəmbərin yazılarını təkrar paylaşarlar. Bunun səbəbi təkcə ölkədəki vəziyyət deyil, həm də rəhbərliyin "sönüklər içində parlaq” olmaq, ətrafda sorğulayacaq, irad tutacaq şəxsin olmaması istəyidir", - deyə o qeyd edib. 

Yadigar Sadıqlı təşkilatın indiki durumuna görə, keçmiş başqan İsa Qəmbəri qınayıb: "Mən üzv olanda Müsavat qərargahında oturmağa yer tapılmırdı. İndi vəziyyətin nə yerdə olduğunu Fəxri xiyaban, Novxanı ziyarətləri zamanı görmək mümkündür. Ən dəhşətlisi də odur ki, vəziyyəti düzəltmək barədə düşünmək əvəzinə gözə girən bu gerçək inkar edilir. Bugünlərdə Toplum TV-yə müsahibəsi zamanı aparıcının sualına "kim sorğu keçirib ki, Müsavatın reytinqi düşüb?” cavabını verən İsa Qəmbərlə "Azərbaycanda siyasi məhbus yoxdur” deyən ombudsman arasında heç bir fərq yoxdur. Mən üzv olanda Müsavat başqanı əhəmiyyətinə görə ölkənin ikinci siyasi postu idi. İndi isə... yazmağa evfemizm axtarıram, tapmıram".

"Bu illər ərzində partiyanın siyasi xəttinə, elan etdiyi dəyərlərə və prinsiplərə, Müsavatın özünə xəyanət edən adamların nazı ilə daim oynanıldı, onları "qazanmağa çalışdı”lar. Amma İsa Qəmbərlə fikirləri toqquşanların üstündən dərhal xətt çəkildi. Vurğun Əyyub, Qubad İbadoğlu, Tofiq Yaqublu, Alya Yaqublu, Elman Fəttah kimi. Mənim kimi. "Mən üzv olanda... indi” müqayisəsini çox davam etdirmək olardı. Amma yaza-yaza içimə ağırlıq çökür. Sonuncunu yazım", - Sadıqlı qeyd edib.

O qeyd edib ki, Müsavat partiyasından istefa verdiyini heç vaxt düşünməyib, amma indi getməkdən başqa yolu qalmayıb: "Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir. Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Əksinə, qürur və məmnunluq duyuram və duyacağam".
 
O, bundan sonra fəaliyyətini III Respublika Platformasında davam etdirəcəyini deyib: "Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur. Siyasi fəaliyyətimə sırf III Respublika Platformasında davam edəcəyəm".

Dekabrın 7-də  bir qrup ictimai-siyasi şəxs Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə III Respublika Platformasını təsis edib.

Platformanın təsisçiləri arasından Qurucu Heyət seçilib.

Heyətə Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, iqtisadçı Rövşən Ağayev, Ruslan İzzətli, hüquqşünas Səməd Rəhimli və tarixçi-alim Yadigar Sadıqlı daxildir.