Yalan danışırsınız, Əsədov!
05-04-2023 16:21 / Bu xəbər 2713 dəfə oxundu
Kürşad
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov yalan danışır. O baxımdan yalan ki indi Azərbaycan yığmasının formasını geyinən futbolçuların fiziki hazırlıqla bağlı problemi yoxdur. Varsa belə, fərdidir, faciəvi deyil. Bir-iki futbolçunun fiziki hazırlığı qaydasında olmaya bilər. Bu, normaldır və dünyanın istənilən ölkəsinin milli komandasında bir-iki futbolçunun vacib oyunlarda "çatdırmaması” mümkündür.
Nə qədər tənqid etsək də, Azərbaycan Premyer Liqası 90-cı illərin çempionatı deyil. Heç azərbaycanlı futbolçular da "peraşki” yeyib meydana çıxan həmin oyunçular deyil.
İndi artıq nə "Bakılı” adlı klub var, nə də onun Afrikada Şi yağı, banan satmaqdan başını götürüb qaçan afrikalı "futbolçular”ı vaqonla Azərbaycana gətirən Misir Əbilov adlı prezidenti. Çox güclü, nəhəng yığmaların olmasa da, bura milli komandalarının formasını geyinən əcnəbi futbolçular gəlir.
Hə, o başqa məsələ ki bütün bu futbolçular keyfiyyətsiz süni örtüklü meydançalarda, Gəncənin sanki gəmiricilərin gəmirdiyi, adamı vahimələndirən qazonunda oynamaq məcburiyyətində qalırlar. O başqa məsələ ki çempionat oyunlarında yenə hakimlərin hoqqabazlığı azalmır. Hətta VAR-a rəğmən.
...Amma insafən, milli komandaya çağırılan futbolçular 90-cı illərin həmin "50-70 dəqiqəlik futbolçular”ı deyil axı.
Arif Əsədovun bilmədiyi, ya da bilib demək istəmədəyi zad tamamilə başqadır. Bizim futbolçular 90 dəqiqə ərzində canlarını dişlərinə tutub, qaçırlar, hoppanırlar, yıxılırlar, yıxırlar. Xülasə, futbol meydançası rinq olsaydı, bu uşaqlar fiziki olaraq 12 raund tab gətirə bilərdilər. Məsələ bu deyil.
Məsələ budur ki, bizim oyunçuların futbol düşüncəsi tısbağa yerişlidir. Müasir futbol oyunçulardan ani qərarlar verməyi tələb edir, beyinlə ayaq arasında əlaqə ildırım sürətiylə qurulmalıdır.
Problem həm də taktiki savadsızlıqdadır. Müasir dövrün futbolçusu baş məşqçinin ondan nə tələb etdiyini anlamalıdır, anlamaqla qalmayıb, meydançada tətbiq etməyi bacarmalıdır. Problem həm də…
Ümumiyyətlə, savadsızlıqdadır, kitab sevgisizliyindədir. Nə yazıq ki, bu, həm də, bütün cəmiyyətin bəlasıdır.
Arif Əsədov yalan danışır. Azərbaycanlı futbolçular qaçırlar da, hoppanırlar da, yıxılırlar da, yıxırlar da. Amma düşünə, xüsusilə də, çevik düşünə bilmirlər.
Mənbə: Komanda.az