YAP namizədini rəsmən açıqladı: İlham Əliyevdir

YAP namizədini rəsmən açıqladı: İlham Əliyevdir

15-12-2023 14:02 / Bu xəbər 1031 dəfə oxundu

İlham Əliyevin səlahiyyətli nümayəndələri də təyin olunub

Dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (YAP İH) iclası keçirilib.

"Azərtac”ın yaydığı məlumata görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib: "Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi, seçkilərlə əlaqədar Qərargahın yaradılması, prezidentliyə namizədin nümayəndələrinin seçilməsi və təşkilati məsələlər”.

Bildirilir ki, İdarə Heyəti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

YAP sədrinin və Baş nazirin müavini Əli Əhmədov bildirib ki,  qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq: "Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.


YAP İdarə Heyəti. 
Foto: "Azərtac”

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar baş tutub.

İlham Əliyev 20 ildir ki, prezidentdir.