YAP Putinin partiyasına etiraz edir

YAP Putinin partiyasına etiraz edir

28-01-2021 18:10 / Bu xəbər 740 dəfə oxundu

""Vahid Rusiya” Partiyasının üzvü Vitaliy MilonovAzərbaycan xalqına qarşı nifrət sərgiləyib”

Hakim Yeni Azərbaycan Partiyası "Vahid Rusiya” (Единая Россия) Partiyasına etiraz məktubu ünvanlayıb.

Səbəb kimi Rusiya Dövlət Dumasının və "Vahid Rusiya” (Единая Россия) üzvü Vitaliy Milonovun Azərbaycana qarşı qərəzli çıxışları və Dağlıq Qarabağa səfəri göstərilib.

Məktubda deyilir: "Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının "Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləyib”.

Məktubda Vitaliy Milonovun Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurduğu qeyd olunub: "Onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilib”.

"Görünən odur ki, Vitaliy Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü Konstantin Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir”, - hakim partiyanın məktubunda belə deyilir.

Məktubda daha sonra deyilir: "Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü Vitaliy Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır. Dövlət Dumasında hakim "Vahid Rusiya” Partiyasını təmsil edən Milonovun və Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır”.

Hakim partiya ümid edir ki, "Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycana qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir.

"Vahid Rusiya” (Единая Россия) Partiyası 2001-ci ilin dekabrında "Vahid” hərəkatı əsasında təsis olunub.

2011-ci ildə partiyanın sədri Dmitri Medvedev seçilib, 1 il sonrakı seçkilərdə partiya Vladimir Putini namizəd kimi irəli sürüb.

Mənbə: yap.org.az