Yarım əsrlik adam
10-04-2020 21:38 / Bu xəbər 2360 dəfə oxundu
Şəmşad Ağa
Lənkəranda bir şair var: Nurəddin Şaya.
Əsrin yarısına 50 yaşına qədəm qoydu. Mən onu tanıyanda 34 yaşı vardı. Zarafat deyil, 16 il keçib üstündən, amma Nurəddin o saflığında, dəyanətində, səmimiyyətində qalıb.
Nurəddin savadlı, istedadlı, istedadlı olduğu qədər səmimi, dürüst və vicdanlı adamdır. Sakit, təmkinli, qayğıkeş Nurəddinin həm də dəyişməz və ardıcıl xarakteri var.
Şeirləri də özünəməxsusluğu ilə seçilir, riyaziyyatçı olduğu üçün hər misrasında sanki riyazi bir məntiq olur.
Onun sərbəst şeirlərini harada mənə imzasız oxusalar və ya göstərsələr, sakitcə altından Nurəddin Şaya yazaram.
Bir az da ixtisası fərdi üslubuna hopub, o şeir oxuduqca yadıma öz orta məktəb müəllimlərimizdən rəhmətlik Ağalar müəllimin bir misrası düşür:
Yazı taxtasında riyazi rəqqas,
Hesablama üçün deyildir həssas...
Heca şeirləri də fərqlidir, orada da həmişə bir riyazi məntiq axtarmışam. Sanki hər bənddə, misrada bədii lövhənin qarşısında əlində tabaşir olan bir müəllim - şair nəsə yazıb-pozur.
Hadisələrin və sözlərin ardıcıllığı riyazi dəqiqliklə bir-birini tamamlayır, izləyir, bədii rəng - çalar alır. Bütün bunlara rəğmən Nurəddin heç vaxt məşhurlaşmaq, özünü gözə soxmaq kimi yollara baş vurmayıb, şeirini belə oxuyanda təkcə sözün yerini deyil, oturduğu yerin dəyərini belə qiymətləndirə bilir.
Müsahib kimi də fərqlidir, az danışar, çox dinləyər, bəzən də qısa məntiqi mühakimələr yürüdər...
Mərhum ustad Oqtay Zəka həmişə deyərdi ki, Nurəddin sərbəstin əruzunda yazır.
Bəli, bunu "Bir kəlmə sözün dalğası vardırsa, dənizdir" kimi emosional və orijinal beytin müəllifi Oqtay Zəka deyərdi.
Tanışlığımız 2004-cü ilə təsadüf edir. Mən onda I kursda oxuyurdum, yalnız Tərlanı tanıyırdım. Onu da elə ilk dəfə Tərlan Əbilov və Sadiq Elyerlə bir yerdə görümüşəm. Oradan da çıxıb qutab yeməyə getmişik.)
Sonradan Nurəddin doğma adama çevrildi. Susqunluğundan dərin bir məna və kədər dolaşan Nurəddini bu illər ərzində bəzən həyat hər kəs kimi yıxmağa cəhdlər etdi, amma bacarmadı. Onun fərqliliyi həm də ondadır ki, Nurəddin heç vaxt özündən yıxılmadı.
Bir şeirində dediyi kimi "adamların başından üzünə düşdüyü" bir çağda o elə başda dayanmağı bacardı:
- taleyin gözündən tökülür, olsun,
qafanı yırğala at, yaddaşına!
zamanın ağzını çevir sulara-
dolsun qayaların çat yaddaşına!
görmüşəm çatlardan ilanbaşları,
tarixin zamanı qurd-quş yuvası...
yüz alqış deyilir, bir qarğış bitir,
tərsinə oxunub tərsa duası!
biri ikiüzlü, onu şərəfsiz...
özünü toxda bir, üzülmə, axma!
adamlar başından düşür üzünə,
sən də durub-durub üzümə baxma!
baxırsan, gözlərin nəsə deyirmi,
tüstüsünəmi kor, qorasınamı?
bir qara boyayla hamı rənglidir,
ağına on lənət, qarasına min!
toplandın, vuruldun, bölündün, amma
azala bilmədin, çıxılmadın ki!
başını uca tut, qəddini düzəlt,
özündən heç zaman yıxılmadın ki...
bu da bir ömürdü, baxtina minnət,
bu da bir külüngdü, qaldır başına!
sındır əllərini, kəs qollarını,
it aparan olsun,-
at, yaddaşına!
Təbrik edirəm, yarım əsrlik adam. Özün hər şeyi demisən də:
qəzanı, qədəri bərabər bilər,
ünvanına "fani" deyilər belə...
elə bilirsən ki, dünya düzələr,
düzələn olacaq əyilər belə?..