Yarım milyon manatı mənimsəməkdə ittiham olunan bank xəzinədarı həbs edildi
21-04-2021 16:28 / Bu xəbər 1863 dəfə oxundu
"Rabitəbank” ASC-nin Lənkəran filialının xəzinədarı Cəfər Sadıqzadə həbs olunub.
Bu barədə Lənkəran Rayon Prokururluğu məlumat yayıb.
Bildirilir ki, daxil olmuş müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda onunla bağlı araşdırma aparılıb.
"Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib", - prokurorluq bildirib.
Qeyd edilən faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bu il aprelin 20-də Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.












