"Yasamalda 4 hektar ərazini hasara alıb satışa çıxaran Kərəm Həsənov olub" - VİDEO

06-08-2020 11:46 / Bu xəbər 2654 dəfə oxundu

Prezident İlham Əliyev Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən maraqlı məqama toxunub. 

Dövlət başçısı bildirib: "O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin...”.

Demokrat.az xəbər verir ki, dövlət başçısı açıqlamasa da, park üçün ərazini hasara alan və satışa çıxaran məmur ləğv olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş Kərəm Həsənovdur. 

Məlumata görə, park üçün nəzərdə tutulan ərazini qanunsuz olaraq satışa çıxaran məmur də məhz Kərəm Həsənov olub.

"Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olarkən bu ərazi əvvəlcə hasara alındırılıb və bir müddət ərazi bağlı vəziyyətdə qalıb. Daha sonra hissə-hissə satışının həyata keçirilməsinə start verilib. Lakin məsələdən xəbər tutan dövlət başçısının müdaxiləsindən sonra bu qanunsuzluğun qarşısı alınıb", - məlumatda deyilir.
 
Hazırda ərazidə meşə tipli parkın salınmasına start verilib.