Yaxşı adamlar qəfil yoxa çıxdılar - ESSE

Yaxşı adamlar qəfil yoxa çıxdılar - ESSE

14-03-2023 12:47 / Bu xəbər 1558 dəfə oxundu

Coşqun Eldaroğlu 

Yaxşı adamlar qəfil yoxa çıxdılar. 

Bir də gözümüzü yumub-açdıq ki, yoxdular. 

Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar. 

Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər. Bir-bir satılmağa başladılar. 

"Mənim də balam var", - dedilər, bağışladıq.
 
Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq. 

Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq. 

Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər. 

Sonra çoxaldılar. Sonra adiləşdi.

 Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar. Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar. Onlar bizi bağışlamadı. 

İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...

Biz onları bağışlamışdıq...