Yazıq korrupsionerlər!

Yazıq korrupsionerlər!

10-01-2021 01:37 / Bu xəbər 648 dəfə oxundu

Rüfət Səfərov
Keçmiş siyasi məhbus

"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında  ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hərçənd, cəmi 1,5 ay qabaq "təmiz kişi-məmur” kimi hansısa filialın açılışında dövlət başçısını müşayiət edirdi.

"Azərxalça”nın bütün səhmləri dövlətə məxsusdur. Baş Prokurorluğun yaydığı məlumata istinad etsək, tarix elmləri doktoru, baş xalçaçı Vidadi Muradov son 5 ildə dövlətə məxsus xalçaları və iplərini dağıdıb, milyonlara sahib çıxıb. 

Daxili işlər orqanlarında xidmət edən edən bir tələbə yoldaşımın deməsinə görə, dağınıq şəxsiyyətə, qarışıq ruh halına sahib  Cavid adında oğlunu isə əvvəlcə Azərbaycanın 4-cü şəhərinə - Mingəçevirə, 2 il öncə isə paytaxtın ən mühüm rayonuna - Səbailə polis rəisi təyin etdirə bilib. Bu təyinatlar zamanı təyin edənlərin ayaqları altına dəyəri milyonlara ölçülən "xalçaların sərildiyinə” şübhə ilə yanaşsaq, sadəlövh olarıq. 

Buna baxmayaraq, yəqin indiki dəqiqələrdə həm Mingəçevirdə, həm də Səbaildə özünü  IV Amenhotepin törəməsi kimi aparan polis polkovniki Cavid Muradovun paqonlarını söküb, əllərinə verəcəklər, mitilinisə çölə tulazlayacaqlar. Bəs necə? Burası gözəlim Azərbaycandır - ataya görə oğulu qaldırıb qoyurlar Bazardüzünün bir nöqtəsinə, oğula görə atanı endirib atırlar "Balaxanı zibilliyinə” və ya tərsinə.

Mənimçün, yəqin elə çoxlarıçün də maraqlıdır, Baş prokuror Kamran Əliyev yeni xəbər tutub "Azərxalça”dakı cinayətkar əməllərdən, yoxsa Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olduğu dövrdə  məlumatlı olub, lakin üzqarası Zakirin baş xalçaçını aylıq "tasa” otuzdurmasından ehtiyat etdiyindən, iradəsi və ruhu çatmayıb ki, qanunauyğun surətdə tədbir görsün? 

Şəksiz, mürəkkəb sual ritorikdir. 

Hər kəsə, o cümlədən də Baş prokuror Kamran Əliyevə gün kimi aydın olub ki,  əksər idarətmə orqanlarının, dövlət təşkilatlarının, eləcə də səhmlərinin nəzarət paketi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin, məxləs,  baytar həkimindən tutmuş ta hakimədək bütün sistemin mövcudluq şərti rüşvətdir, korrupsiyadır, haram maddi nemətdir!
 
Bəs Baş Prokurorluq niyə tədbir görməyib? 

Doğrudur, bəlli hüquqi baza formalaşdırılıb, hazırlanmasında Baş Prokurorluğun da yaxından iştirak etdiyi müvafiq qanun qəbul edilib, Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı, Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı hazırlanıb. Oxusanız, sanarsınız ki, Li Kuan Yun hökumətinin konseptual baxışları ilə tanış olursunuz. 

Yuxarıdakı sual ağır olsa da sadə cavabı var:

Çünki bu ölkədə korrupsiyaya qarşı mübarizə aparan əsas iki dövlət institutunun ikisi də rüşvət və korrupsiyanın ilhamvericisi olublar. Bəli, Ramizin sinonimi rüşvətdirsə, Zakirin də digər ismi korrupsiyadır. 

Bu adamlardan birincisi dünənədək Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya, digərisə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Kamran Əliyevə rəhbərlik edib. Nə gözləyə bilərdik və ya gözləməliyik?  Heç nə. 

İkisi də oğrudur. 

Bəli, hökumətin və dövlətin zirvəsi iradəsini açıq ortaya qoyub, elə birinci növbədə Zakir Qaralovu, onun xələfi Kamran Əliyevi, "akademik korrupsioner” Ramiz Mehdiyevi, "fövqəladə korrupsioner” Kəmaləddin Heydərovu, "korrupsiyanın yol xəritəsini çəkmiş” Ziya Məmmədovu, "rüşvətin hakimi” Ramiz Rzayevi və onlar kimi antimilli məmurları  tutub basmalıdır içəri, mələr qoymaldır, yoxsa hansısa ucqar rayonun icra hakimiyyətinin başçısını, ya da səhmdar cəmiyyətin idarə heyətinin sədrini həbs etməklə dövlət və xalq malını talayanlara qarşı "yürüş”ün səmimiliyinə inam bəsləmək olmaz.

Sonda 15 yanvar 2016-cı ildə indiki Baş prokuror, o zamankı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevlə bir qiyabi dialoqumuzu xatırlatmaqda fayda görürəm:

Demək, səhər oyanıram, baxıram ki, bütün informasiya resursları yayıb: haqqımda təkrar rüşvət almaya görə Kamran Əliyevin bədbəxt müstəntiqləri cinayət işi başlayıb. Saat 11-də Kamran müəllim mətbuat konfransı keçirir.  

Təqsirliliyimi təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan deyir: "Rüfət Səfərovun danışıqları ilə əməlləri arasında zidiyyət var. Onun cinayət əməlləri haqqında Baş idarəyə ard-arda şikayətlər daxil olmaqdadır”.

Təbii, burada təqsirsizlik prezumpsiyasından-filandan bəhs etməyi lüzumsuz bilirəm, çünki yəqin anlayıram ki, Azərbaycanda fəaliyyət göstərən  hüquq korpusunun 99,9 %-nin iş həyatında qanun, norma və onların ruhu ən sonuncu sıradadır. 

Sadəcə, həmin dövrdə "Azadlıq” qəzetinin sualına verdiyim cavabı burada təkrarlayıram:

"Zakir Qaralov kimdir? "Yumurta imperiyası”nın rəhbəri, tikinti şirkətini faktiki idarə edən şəxs! 

Kamran Əliyev kimdir? 

Rəisi olduğu Baş idarənin arxa qapısından belə istifadə etməkdə aciz olan, real səlahiyyət və iradəyə sahiblik etməyən biri! Hər ikisinə yazığım gəlir. Tarix biz gəncləri haqlı çıxaracaq, onları isə ən bərbad və iylənmiş bucağa qoyacaq!”

Xülasə, cənablar, 5 il bundan əvvəlki sözlər qüvvəsindədir. 

Yazıq korrupsionerlər!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.