Yazov ölüb

Yazov ölüb

25-02-2020 17:36 / Bu xəbər 1905 dəfə oxundu

SSRİ-nin keçmiş müdafiə naziri Milli Məclisin qərarında cinayətkar kimi qeyd edilib

SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov fevralın 25-də ölüb.

Keçmiş nazirin ölümü haqda məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən ria.ru saytı yayıb.

Bildirilir ki, uzun sürən xəstəlikdən sonra ölən 96 yaşlı marşal D.Yazov Mıtişax hərbi qəbiristanlığında dəfn olunacaq.

1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olan D.Yazov Azərbaycan xalqının yaddaşında 20 Yanvar faciəsinin əsas icraçısı kimi qalıb. D.Yazov 1990-cı ildə Bakıya gələrək, ordunun Azərbaycan paytaxtında keçirdiyi əməliyyata birbaşa rəhbərlik edib. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun Bakıya daxil olması nəticəsində 131 nəfər öldürülüb, 744 adam ağır xəsarət alıb, 4-şəxs itkin düşüb.

Hadisədən sonra Azərbaycan SSRİ-nin Ali Sovetinin sədri Elmira Qafarovanın yaydığı bəyanatda "hərbi canilər”in əməlləri pislənildi. 1994-cü ilin 29 mart tarixində Milli Məclisin qərarında D.Yazovun adı əməliyyata rəhbərlik edənlər sırasında qeyd edilib.///Meydan.tv