Yeni “Resurs İqtisadçılar Klubu” yaradılıb

Yeni “Resurs İqtisadçılar Klubu” yaradılıb

08-04-2022 18:13 / Bu xəbər 2866 dəfə oxundu

Klubun əhatəli araşdırmalarla sosial-iqtisadi çağırışlara diqqət yönəltmək məqsədi ilə qurulduğu bildirilir

Azərbaycanda "Resurs İqtisadçılar Klubu” (RİK) fəaliyyətə başladığını elan edib. 

Bu barədə məlumat yayan RİK bildirir ki, məqsədləri cəmiyyətə keyfiyyətli və aydın iqtisadi informasiya çatdırmaqdır. 

Onlar bununla cəmiyyətdə iqtisadi məlumatlılığı artırmaq istəyirlər.

"Klub əhatəli araşdırmalarla sosial-iqtisadi çağırışlara diqqət yönəltmək məqsədi ilə qurulub. Biz ölkədəki gənc iqtisadçıları ətrafımızda birləşdirərək onların bilik və bacarıqlarının artırılmasını və keyfiyyətli araşdırmaların sayının çoxaldılmasını hədəfləyirik”, - RİK-in yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, klubun yaradılması ideyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafına kömək edə biləcək tədqiqat və araşdırmaların ərsəyə gəlməsini, eləcə də ölkədə yeni gənc iqtisadi tədqiqatçıların formalaşmasını hədəfləyən bir qrup gənc iqtisadçı tərəfindən düşünülüb: "İqtisadi müzakirələrin izləyicisi yox, iştirakçısı olan cəmiyyət vizyonu ilə fəaliyyətə başlayan "Resurs İqtisadçılar Klubu”nun dəyərləri şəffaflıq, iştirakçılıq, obyektivlik, peşəkarlıq və kollegiallıqdır”.

Klub fəaliyyətlərinin həyata keçirilməsində şəffaflıq, yüksək idarəetmə və hesabatlıq prinsiplərinə əməl etməyi öhdəsinə götürüb.

"Resurs İqtisadçılar Klubu” tədqiqatlar, seminarlar, müzakirələr və digər layihələr vasitəsilə cəmiyyəti və ictimaiyyəti bilgiləndirən, eyni zamanda, istinad edilən məlumat mənbəyi olan, yenilikçi və qabaqcıl bir iqtisadi düşüncə mərkəzi olmağı hədəfləyir: "Əsas hədəflərimizdən biri də davamlı olaraq təhsil almaq istəyən və yeni məzun olan gənc iqtisadçıları kluba cəlb etməkdir. Bu baxımdan RİK həm yeni iqtisadçıların bilik və bacarıqlarının artırılmasını, həm də onların şəbəkələşməsini hədəfləyir”.

Klubun fəaliyyəti ilə bağlı məlumatları "Resurs İqtisadçılar Klubu –RİK” sosial şəbəkə hesabından əldə etmək mümkün olacaq.

"Resurs İqtisadçılar Klubu”nun əlaqələndiricisi iqtisadçı Fərid Mehralızadədir.