Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq?

Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq?

18-11-2020 11:51 / Bu xəbər 1280 dəfə oxundu

"Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilməsi bir ilə başa çatacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib. 

Anar Nəcəfli bildirib ki, buna səbəb uçurumlu ərazilərin olmasıdır: "Yeni yoldur, həm də bir az çətin ərazidir. Ona görə yolun çəkilməsi bir ilə planlaşdırılır. Yol dağlar, meşələr və uçurumlu ərazilərdən keçir. Füzuliyə kimi olan hissəsi rahatdır. Ondan sonra Daşaltı və Şuşaya qalxan ərazilər gəlir ki, bu da çətindir. Demək olar ki, yol yoxdur, dağıdılıb”.

Anar Nəcəfli əlavə edib ki, yolun bir hissəsi hazır olan kimi gediş-gəliş bərpa olunacaq: "Bu, o demək deyil ki, yol hazır olana kimi ora heç kim getməyəcək. Yolun bir hissəsi istifadəyə verilən kimi gediş-gəliş olacaq”.

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.