Yeni Yasamalın bu ərazisində ağaclar kəsildi: yerində ticarət mərkəzi tikiləcək
26-02-2024 12:45 / Bu xəbər 1078 dəfə oxundu
Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 45a ünvanında yaşıllıqlar məhv edilərək, yerində köşklər qoyulur, yeni tikililər salınır.
"Qaynarinfo"nun məlumatına görə, dünən gecə isə növbəti hədəf 4b ünvanı olub.
Həmin ünvanla üzbə-üz küçədə piyada səkisinin yaxınlığında hündür ağac kəsilib.
İnsanların diqqətini başqa yerə çəkmək üçün həmin ağacın qırıntılarını sözügedən əraziyə yığaraq, kol-kos görüntüsü yaradıblar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda araşdırma aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən zənglərimizə cavab verən olmayıb.
Məlumata görə, sözügedən ərazidə iri ticarət mərkəzinin tikintisi məqsədilə yaşıllıqlar məhv edilib.
Ərazidə illər əvvəl 10-dan artıq ağac var idisə, hazırda 1 ağac qalıb. Bu isə ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olub.
Bir neçə ay əvvəl Yeni Yasamalda 77 nömrəli avtobus dayanacağının yanında, daha doğrusu Əsəd Əhmədov 45a ünvanında yaşılıqlar məhv edilərək, yerində bir mərtəbəli obyekt tikilib.
Məsələ ilə bağlı müvafiq qurumlar hələ də tədbir görməyib.